Ali təhsil ocağında “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabın təqdimat mərasimi keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyevin “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabının təqdimatı keçirilib.  Tədbirdə universitetin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab da aqrar sahə üzrə təhsil alan tələbələr və tədqiqatçılar üçün bələdçi rolunu oynaya bilər.

İqtisadiyyat kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov çıxışı zamanı bildirib ki, aqrar sahə ilə bağlı bütün mövzuların bir kitabda birləşdirilməsi tədqiqatçılar üçün bir informasiya bazası, bir dayaq nöqtəsi hesab edilə bilər.

Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov qeyd edib ki, müəllif kitabda kompleks islahatların aparılması, aqrar təhlükəsizliyin təmin edilməsi, məhsulların ixrac olunması statistikası ilə yanaşı heyvandarlığın müxtəlif sahələrindən quşçuluq, arıçılıq, balıqçılıq və.s kimi mövzular haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, kitab Naxçıvanda istehsal potensialının yüksəldilməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədov vurğulayıb ki, müəllif kitabda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş hüquqi sənədləri, aqrar sahənin bütün istiqamətlərini ayrıca bölmə şəklində təhlil edərək oxucuların diqqətinə çatdırıb.

Daha sonra İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşması üzrə II kurs magistrant Mərhəmət Bayramov kitabın xüsusən tələbələr üçün faydalı bir mənbə olacağını qeyd edib.

Müəllif kitabın ərsəyə gəlməsində, nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.  

Məmmədbağır Dünyamalıyev

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: