Hələ uşaqlıqdan sevdiyim və dilimdən heç düşməyən bir şeir vardı: "Dünyada yollar çoxdur, Sayı hesabı yoxdur ". Hər səhər məktəbə gedərkən söylədiyim bu şeir mənim üçün "himnə" çevrilmişdi. O zamanlar düşüncəmdə dar bir mənanı, ancaq gediş-gəliş üçün ayrılmış yeri ifadə edən yollar haqqında bu gün daha fərqli düşünürəm.
İndi nəzərimdə yollar döngə-döngə uzanaraq sanki sonsuzluğa doğru gedir. Bu yolların bir də yolçuları vardır, aşıb-daşan sular, ağlayan buludlar kimi... Çaylar kimi başını daşdan-daşa vuraraq sonsuz ümmanlara doğru qaçar. Bitib tükənmək bilməyən bu əbədi yolçuluq durmadan davam edir. Günəşlər ölkəsindən torpağın bağrına və oradan da yenidən ulduzlar aləminə köç edir bütün varlıqlar!
Canlıların aldıqları nəfəsin sayı qədərdir yollar. Hər varlıq özünə xas olan bir yolda hədəfindən ötrü qaçar. Soxulcan sürünərək qət edər yolunu. Tısbağa addım-addım irəliləyər öz yolunda. Atlar qaçaraq, quşlar qanad çırparaq gedərlər yollarında. İldırımların ayrı bir səyahəti, günəşin, ayın ayrı gedişi var bu yollarda...
Amma əsl yol insanla birlikdə yaranıb, onun şüuruyla aydınlığa qovuşaraq, onun duyğu və düşüncəsiylə sonsuzluq qazanıb. Çox qəribədir ki, yolsuzluq da insanla birgə yaranıb və bir an olsun belə onun yaxasını buraxmayıb. Hər dövrdə ulduzlara səyahət edənlərlə birlikdə bataqlıqda yol axtaranlar da az olmayıb.
Əslində yollar getdiyi yolun ədəb-ərkanını bilənlər üçündür. Hər günü ayrı bir vəsvəsə ilə keçənlərə isə yolun varlığı və ya yoxluğunun heç bir əhəmiyyəti yoxdur. Hədəfinə çatmaq üçün yolda sağlam addımlarla irəliləmək şərtdir. Amma bəzən eyni yolun bir çox eniş- yoxuşları, dərə - təpəsi, çətinliyi və əzabı da olur. Yalnız yolunu sevgi və ümidlə gedənlərə, öz doğru bələdçilərini tapanlara qarşılarına çıxan dağlar düz, düzlər isə hamar olar. Belə insanlar qanlı, fırtınalı dənizləri şimşək kimi aşıb gedərlər. Onların ilişib yolda qalmaları, yaxud da öz məqsədindən imtina edib geriyə dönmələri mümkün deyildir.
Bir də hədəfindən imtina edib geri dönənlər, gündüz vaxtı yolunu itirənlər, bir tikana ilişib də qalanlar, qarşılarına çıxan cüzi maneələri belə aşa bilməyənlər vardır bu yollarda. Yolda düzgün getməyin həzzini yaşamamış və bu fani dünyanı əbədi zənn edərək burada sonsuza qədər qalacağını düşünənlərə getdikləri səkilərin ulduzlarla bəzədilməsinin heç bir mənası yoxdur.
Unutmayın, hər yolun səfası olduğu kimi cəfası da vardır. Hələ bu yol əbədiyyətlə qucaq-qucağa, iç-içə isə... Hər səadət aşılması çox çətin olan sıldırım təpələrin arxasında və hər nemət isə min imarət olan uzun bir yolun son dayanacağındadır. Çətinlikləri görmədən və dadmadan əsl xoşbəxtliyə qovuşmaq olmaz.
İnsanın ruhu cismi ilə qovuşaraq dünyaya gəldiyi ilk gündən bəri qəlibdən- qəlibə girər, əziyyət çəkər, əzab-əziyyətlə dirilər, bütünləşərək əbədi səadətini ilmə-ilmə toxumağa çalışar. İnsan çətinliklər üçün yaradılmış və yolunu çoxlu iztirabların gözlədiyi bir yolçudur. Onun əsl qəhrəmanlığı isə yolundakı çətinliklərə qalib gələ bilməsi ilə bağlıdır.
Öz xalqına xidmət edə bilmək üçün yolda mətin addımlayanlar bu həqiqətləri ruhuyla duya bilən insanlardır. Həyatın əsl fəlsəfəsi də elə bu yoldan, xalqa xidmət etmək yolundan başlayır.
İlahə Allahverdiyeva
NDU "Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi