Naxçıvanda ilk dəfə informasiya - kommunikasiya texnologiyalarının BootCamp layihəsinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İnformasiya - Kommunikasiya Texnologiyaları və Elektron Təhsil şöbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə “Ağbulaq” istirahət mərkəzində informasiya texnologiyaları üzrə BootCamp layihəsinə start verilib. Layihənin təşkilatçıları universitetin İnformasiya - Kommunikasiya Texnologiyaları və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov layihə haqda çıxış edərək iştirakçıları məlumatlandırıb.

Tədbirdə YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bu cür təlimlərin əhəmiyyətini qeyd edərək müasir dövrdə vacib olan İKT bacarıqlarının qiymətləndirilməsi və bu sahədə süni intellekt texnologiyalarının geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Sonra universitetin rektoru Elbrus İsayev universitetdə gənclərin layihəsi əsasında həyata keçirilən 3 mobil tətbiqdən danışıb. Bildirilib ki, mobil tətbiqlər tələbələrin İKT sahəsində təcrübəsini artırmaqla yanaşı, tələbələr üçün də məlumatların əlçatanlığını təmin edir. Texnologiyalar Parkı layihəsinin həyata keçirilməsində informasiya texnologiyalarının vacibliyini qeyd edən rektor bu sahədə yeni bilik və bacarıqların əldə olunmasının effektiv təsirini xüsusilə qeyd edib.

Tədbirə onlayn qatılan İKT Lab Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov qeyd edib ki, mərkəzin əsas missiyası sürətlə dəyişən texnologiyalar dövründə İnformasiya-Kommunikasiya Texnologiyalarından (İKT) səmərəli istifadəni insanlara öyrətmək və bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır. Mərkəzin direktoru rəqəmsal bacarıqlar və ofis proqramları, data analitika, şəbəkə və sistem inzibatçılığı, kiber təhlükəsizlik, qrafik dizayn və digər təlim metodlarından danışıb. Rauf Cabarov muxtar respublikada həyata keçirilən BootCamp layihəsinin mühüm əhəmiyyətini vurğulayıb.

Layihədə İT sahəsinə gedən yol, proqramlaşdırma təlimləri, əşyaların interneti, startap və ekosistemlərin tətbiqində İKT və bulud texnologiyaları kimi mövzular barədə təlimlər həyata keçiriləcək. Müsabiqə və müsahibə mərhələsindən uğurla keçmiş 50 iştirakçının qatıldığı layihənin sonunda gənclər sertifikat əldə edəcək. Ən yaxşı proqram təminatçısı seçilən 2 nəfər iştirakçı isə mükafatlandırılacaq.

Qeyd edək ki, layihə fevralın 4-dək davam edəcək.

Səadət Əliyeva

NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: