Muxtar respublikada bu ilin ilk ayında imtahanların keçirilməsi diqqətdə saxlanılıb

A- A A+

Dövlət İmtahan Mərkəzi 2022-ci ilin ilk ayında da qanunvericiliyin tətbiqinə nəzarət, işə qəbul, müsahibə, attestasiya və sertifikasiya imtahanlarının keçirilməsini aidiyyəti üzrə davam etdirib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 17-də təhsilverənlərin növbəti sertifikatlaşdırma imtahanları başlayıb. Muxtar respublikada pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması və  fəaliyyətinin gücləndirilməsi məqsədilə ikinci dəfə keçirilən sertifikatlaşdırma imtahanlarında ötən il keçirilən imtahanlarda müvafiq keçid balını toplaya bilməyənlər, üzrlü səbəblərdən iştirak etməyənlər və pedaqoji fəaliyyətinin 5 ili tamam olan müəllimlər iştirak edir. Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın tam başa çatdığı imtahanlar aprelin 7-nə qədər davam edəcək.

Yanvarın 25-dən başlayaraq dövlət qulluğuna qəbulun müsahibə mərhələsi keçirilir. Müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində iştirak etmək üçün 253 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 8 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Ən sıx müsabiqə vəziyyəti “ASAN xidmət” Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə yaranıb – 64 namizəd. İlk dəfə keçirilən dövlət teleradio və mətbuat orqanlarında işə qəbul üçün müxtəlif vəzifələr uğrunda 7 namizəd mübarizə aparacaq. Dövlət orqanları üzrə müsahibələr fevralın 9-na qədər davam edəcək.

Yanvarın 27-də dövlət musiqi təhsili müəssisələri üzrə müəllimlərin növbəti attestasiya imtahanları keçirilib. Bu dəfəki attestasiyada 67 namizəd iştirak edib, onlardan 39-u müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib.

Yanvarın 31-də musiqi təhsili müssisələrinə müəllimlərin işə qəbulu üçün növbəti test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 127 vakant vəzifənin tutulması üçün 102 namizəd qeydiyyatdan keçib. Ən çox müraciətin Şərur, Babək və Kəngərli rayonları üzrə qeydə alındığı müsabiqədə konsertmeyster-fortepiano, nağara və tar ixtisası üzrə vakant vəzifələr üstünlük təşkil edib. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət isə konsertmeyster-fortepiano və nağara ixtisaslarına olub. Müsabiqənin nəticələrinə əsasən test imtahanında iştirak edən 102 namizəddən 31-i müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Yanvar ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş müəllimlərin sertifikasiya imtahanları üçün hazırlıq kurslarında 138 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: