“Ağbulaq” istirahət mərkəzində informasiya texnologiyaları üzrə “BootCamp” layihəsinə start verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə “Ağbulaq” istirahət mərkəzində informasiya texnologiyaları üzrə “BootCamp” layihəsinə start verilib.
Təşkilatçılar, universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli və Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov çıxış edərək layihə barədə iştirakçıları məlumatlandırıblar.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov bu cür təlimlərin əhəmiyyətini qeyd edərək İKT bacarıqlarının və süni intellekt texnologiyalarının geniş istifadəsinin müasir dövrümüz üçün mühüm əhəmiyyətindən danışıb.
Layihənin işinə uğurlar arzulayan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında gənclərin layihəsi əsasında 3 mobil tətbiqetmə hazırlanıb. Texnologiyalar Parkı layihəsinin həyata keçirilməsində informasiya texnologiyalarının vacibliyini qeyd edən rektor bu sahədə yeni bilik və bacarıqların əldə olunmasının effektiv təsirini xüsusilə qeyd edib.
Tədbirə onlayn qatılan “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov rəqəmsal bacarıqlar və ofis proqramları, data analitika, şəbəkə və sistem inzibatçılığı, kiber təhlükəsizlik, qrafik dizayn və digər təlim metodlarından danışıb, “BootCamp” layihəsinin mühüm əhəmiyyətini vurğulayıb.
Üç gün davam edən layihə çərçivəsində keçirilən təlimlər zamanı tələbələrin hazırladığı startap layihələri dinlənilib, onlara mentor dəstəyi göstərilib. Həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün intellektual oyunlar təşkil edilib.
Layihənin yekun günündə baş tutan “SR Group CO” şirkətinin Senior Systems administratoru Rəşad Bayramovun “İT sahəsinə gedən yol” mövzusundakı təlimində beynəlxalq İT sertifikatlarının əldə olunması məqsədilə tələbələrə metodiki göstərişlər, həmçinin “İKT LAB”ın resurslarından istifadə qaydaları barədə məlumat verilib, iştirakçılara “Cisco”nun netacad.com təhsil portalında olan kursları təqdim edilib.
Layihənin sonunda təlimçilərə universitet adından təşəkkürnamə təqdim edilib.
Səadət Əliyeva