Bütün dövrlərdə hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gəncliyə bağlayır, gələcəyi onda görür. Buna görə də gənc nəslin düzgün yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Dünyanın bütün ölkələrində gənclər sosial-iqtisadi inkişafın ən aparıcı qüvvələrindən biri, yaşlı nəslin davamçısı, cəmiyyətin ən dinamik zümrəsi olmaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, baş verən bütün proseslərin mərkəzində dayanırlar. Zaman keçdikcə dünya dəyişir, nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın inkişafının və ölkənin çiçəklənməsinin heç bir zaman dəyişilməyən əsas şərtidir.
Ölkəmizdə gənclərin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə unudulmaz siyasətçi, xalqımızın əbədi sərkərdəsi Heydər Əliyevdir. Ulu Öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın sahib olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq ideyalarına sadiq olan gənc nəslin yetişdirilməsindən ibarət olub.
Ümummilli Liderimiz deyirdi: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!" Bu kəlməni özünə rəhbər tutaraq Ulu Öndərin ideyalarına sadiq qalan gənclərdən biri də Naxçıvan Dövlət Universitetinin "Hüquq fənləri” kafedrasının gənc müəllimi Əziz Qasımovdur. 1996-cı ildə Naxçıvan şəhərində dünyaya göz açan Əziz müəllim hələ uşaqkən öz intellektual biliyi ilə seçilib. 2013-cü ildə Şərur Türk liseyini fərqlənmə ilə bitirən Əziz elə həmin ildə Naxçıvan Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasına qəbul olur. Tələbəliyi dövründə fəallığı ilə seçilən bu gənc müxtəlif layihələrin ideya müəllifi, rəhbəri və təşkilatçısı olub. O, öz aktiv fəallığı ilə dövlət qurumlarının da diqqətini çəkə bilmiş və 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin fəal gənci" adına layiq görülmüşdü. Aldığı hər təltif onu daha da ruhlandırmış, yeni-yeni uğurlar üçün çalışmağa sövq etmişdi. O, hətta 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsi üzrə "Dövlət hüququ" ixtisasını da fərqlənmə ilə bitirərək "İlin magistrantı" fəxri diplomuna layiq görülür. 2020 -ci ilin dekabrından isə təhsil aldığı və sonradan müəllim kimi işlədiyi Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri seçilən Əziz müəllim daim yeniliklərə imza ataraq ölkəmiz üçün ictimai və sosial əhəmiyyətli fəaliyyətlər həyata keçirməyə davam edir. Fəal və səmərəli fəaliyyətinə görə Əziz müəllimin sədri olduğu Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 31 yanvar 2022-ci il tarixində Bakıda Gənclər gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının I Strateji Planlaşdırma Forumunda ölkə üzrə 101 ali və orta ixtisas təhsil müəssisələri arasında “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görüldü. Gənc müəllimin uğurları bununla kifayətlənmir. Əziz müəllim elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqləndiyi üçün Prezident mükafatına da layiq görüldü. Universitetimizin kollektivi adından Əziz müəllimi təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. İnanırıq ki, sadiq olduğunuz ideyalar sizinlə birlikdə bir çox gənci daim zirvələrə qaldıracaq!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi