“Naxçıvan” Universitetinin 195 tələbəsi pedaqoji təcrübəyə göndərilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində 2021-2022-ci tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

Konfransda universitetin rektoru Nurlana Əliyeva ali təhsil prosesində xüsusi yeri olan pedaqoji təcrübənin əhəmiyyətindən  söz açıb. Bildirib ki, kadr hazırlığının ən vacib istiqamətlərindən biri olan pedaqoji təcrübə  prosesində iştirak edən bakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm qoyurlar. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı  arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, təcrübi biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin əhəmiyyətindən danışıb. Bildirib ki, təcrübə müddətində Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.

Konfransda Pedaqogika və psixologiya kafedrasının müəllimi Təranə Əliyeva "Təcrübə zamanı pedaqoji və psixoloji işlər" mövzusunda çıxış edib.

Sonda pedaqoji təcrübə ilə bağlı metodik vəsaitlərin yer aldığı sərgiyə baxış olub.

Qeyd edək ki, Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində keçiriləcək təcrübə prosesi fevralın 16-dan aprelin 6-dək davam edəcək. 7 həftəlik pedaqoji təcrübədə ümumilikdə 195 tələbə iştirak edəcək.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: