Nəsirəddin Tusi dünya elmində fundamental əsərlər müəllifidir - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bölmənin Təbii Ehtiyatlar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının birgə iştirakı ilə böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük alim Nəsirəddin Tusinin həyatı və elmi yaradıcılığına nəzər salıb. Onu elmin dühası, fitri-istedada malik elm xadimi kimi xarakterizə edib. Qeyd olunub ki, elmin bütün sahələri üzrə 100-dən artıq əsər müəllifi olan N.Tusi dünyada fundamental əsərlər müəllifi kimi tanınır. O, elm sahəsindəki yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsidir.

Akademik diqqətə çatdırıb ki, N.Tusinin elmi irsi bir çox tədqiqatçılar tərəfindən öyrənilsə də, onun zəngin elmi yaradıcılığının daha dərindən öyrənilməsi, bu araşdırmaların davam etdirilməsi vacibdir.

Daha sonra  bölmənin Təbii Ehtiyatlar İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru  Bayram Rzayevin, Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Vəfa Qafarova və Faidə Hüseynovanın, həmçinin həmin rəsədxananın baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin müxtəlif mövzularda çıxışları dinlənilib.

Məruzələrdə N.Tusinin həyatı, fəaliyyəti, elmi irsi, əsərləri və Marağa rəsədxanası haqqında geniş və maraqlı məlumat verilib. Qeyd olunub ki, N.Tusi humanitar və dəqiq elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir. Onun tarix, hüquq, fəlsəfə, tibb, riyaziyyat, astronomiya, fizika, əxlaq normaları və digər sahələrdə qələmə aldığı əsərlər əhatəliliyi ilə diqqət çəkir. Məruzələrdə N.Tusinin yaratdığı Marağa rəsədxanasının və orada yerinə yetirilən işlərin, ümumiyyətlə, astronomiya elminin sonrakı inkişafında müstəsna rola malik olduğu diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: