Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan “Milli qürur simvolu - Ana dilimiz” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov Azərbaycan dilinin hərtərəfli inkişafının ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunlar qəbul edilib, ana dilimizin qorunması, zənginləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb və Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı da dilimizin qorunub zənginləşməsinə böyük qayğının təzahürüdür.

Konfransda institutun Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxriyyə Cəfərovanın “Xalqımızın mədəniyyətini özündə əks etdirən ana dilimiz”, kafedranın baş müəllimi Təranə Qəbulovanın “Azərbaycan dilinin zənginləşməsi və inkişaf istiqamətləri” mövzularında çıxışları dinlənilib. Çıxışlarda tələbələrə dilimizin saflığının qorunmasında əsl vətəndaş mövqeyi sərgiləmək, harada olmasından asılı olmayaraq, dilimizi unutmamaq tövsiyə edilib.

Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış videomateriala baxış olub.

Sonda tələbələr doğma dilimizi tərənnüm edən şeirlər səsləndiriblər.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: