Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi dünən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda, o cümlədən Naxçıvanda olmaqla, ümumilikdə 71 imtahan binasında aparılıb. Naxçıvanda imtahanlar 2 binada – Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil edilib. Bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayan imtahan 3 saat davam edib. İmtahanda iştirak etmək üçün ölkə üzrə 17 mindən artıq bakalavr ərizə təqdim edib ki, onlardan 15 min 600-dən çoxu Azərbaycan bölməsi, 1400-dən çoxu isə rus bölməsi üzrə təhsil alan tələbələrdir. Muxtar respublika üzrə isə 500-dən artıq bakalavr imtahan verib.
Qaydalara görə, imtahanda bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla 100 sual təqdim olunub. İmtahanda iştirakçıların xarici dil üzrə bilikləri dinlənilib, anlama bacarıqları da yoxlanılıb.
Qeyd edək ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Ərhan Novruzov