Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 20-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanın nəticələri Mərkəzin saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17 min 87 bakalavrdan 294-ü imtahana gəlməyib. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.
Ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri var).
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən fevralın 24-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər fevralın 22-24-də DİM-in saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.