Cəlil Məmmədquluzadənin ev – muzeyində interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər veri ki, böyük dramaturqun doğum günü münasibətilə Naxçıvan şəhərindəki ev-muzeyində “Görkəmli Azərbaycan ədibi - Cəlil Məmmədquluzadə” mövzusunda keçirilən interaktiv dərsi muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri izləyiblər.
İnteraktiv dərsdə muzeyin əməkdaşı Nəsrin Qurbanlı şagirdlərə görkəmli yazıçı-publisistin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, görkəmli dramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadə qüdrətli söz sənətkarıdır. Mirzə Cəlilin müstəqillik arzuları, demokratik görüşləri Azərbaycanda demokratiyanın genişləndirilməsinə ciddi təkan verib.
İlk nömrəsi 1906-cı il aprelin 20-də işıq üzü görən "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu.
Diqqətə çatdırılıb ki, sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhriflərinə məruz qalan Cəlil Məmmədquluzadənin irsi ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində toplanaraq nəşr edilib, ciddi tədqiqatların obyekti olub. Görkəmli yazıçının adına küçələr verilib, Bakıda, Cəlilabad və doğma vətəni Naxçıvan şəhərlərində əzəmətli heykəlləri ucaldılıb.
Dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyinin eksponatları barədə də geniş məlumat verən bələdçi bildirib ki, muzey ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Ustad Cəlil Məmmədquluzadənin yubileyləri də muxtar respublikamızda geniş şəkildə qeyd edilib, əbədiyaşar sənətkarın adı və xatirəsi daim əziz tutulub, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilib. Ədibin “Hekayələr”i Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilib.
Mahmud Hüseynov