Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov fevralın 22-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Bu dəyişiklik “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin coğrafiya fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib. Dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərə alınıb və III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsini əks etdirir.
Eyni zamanda adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.