Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində Dövlət Orqanları İşçilərinin Reyestri Proqramı təqdim olunub.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edən mərkəzin sədri İsmayıl Qəribli fəaliyyətin təkmilləşdirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirildiyini qeyd edib. Bildirib ki, innovativ yeniliklərin tətbiqinin davam etdirilməsi nəticəsində mərkəzin 2 proqram təminatı yenidən işlənib. Onlardan biri də bu gün təqdim olunan Dövlət Orqanları İşçilərinin Reyestri Proqramıdır.
Diqqətə çatdırılıb ki, reyestrin idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada toplanması, dəyişdirilməsi, saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə edilməsi xüsusi proqram təminatı vasitəsilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Yeni proqram işçilərin “Elektron şəxsi işi”nin yaradılmasına imkan verir.
İsmayıl Qəribli deyib ki, reyestrin yaradılmasında məqsəd dövlət orqanlarında xidmət keçən işçilər haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir.
Sonra mərkəzin baş məsləhətçisi Məmməd Babayev çıxış edərək, slayd vasitəsilə Dövlət Orqanları İşçilərinin Reyestrinin aparılması qaydaları haqqında məlumat verib. Qeyd olunub ki, proqramda 29 kateqoriya üzrə axtarış imkanı yaradılıb. Hesabatlar moduluna statistik məlumatlar, dövlət orqanları işçilərinin sayı haqqında, dövlət orqanlarının siyahısı haqqında, habelə işçilərin stajı üzrə məlumatlar altbölmələri əlavə olunub.
Reyestrdə anket forması, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət orqanları işçilərinin elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.
Bildirilib ki, vəzifəyə yeni təyin olunan işçilər haqqında məlumatlar səlahiyyətli nümayəndə tərəfindən mərkəzin rəsmi internet potalına daxil olunaraq doldurulmalıdır. Dövlət orqanlarının səlahiyyətli nümayəndələri tərəfindən Dövlət Orqanları İşçilərinin Reyestrinin aparılması üçün anket formasında istifadə edəcəyi sənədlərin siyahısı, anketin aparılması qaydası haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, işinə xitam verilmiş şəxs haqqında məlumatlar reyestrin arxiv hissəsinə keçirilir.
22 dövlət orqanını təmsil edən nümayəndənin iştirakı ilə keçirilən tədbirin sonunda dövlət orqanlarının səlahiyyətli nümayəndələrinə istifadəçi adı və şifrələr təqdim olunub və suallar cavablandırılıb.