Keçmişin səhifələrini vərəqləsək, görərik ki, hər bir xalqın tarixində unudulmayan, yaddaşlarda əbədi qalan günləri var. Həmin günlərdən nə qədər zaman keçərsə keçsin, nəsildən-nəslə ötürülüb, hər kəs yaşanan tarix kimi onları unutmur, öyrənir, nəticə çıxarır. O da faktdır ki, bir millətin dövlət yaratmasında əsas məsələlərdən biri də keçdiyi enişli-yoxuşlu yollardır. Azərbaycan xalqının da taleyinə bu zamana qədər bu cür çətin sınaqlar, amansız imtahanlar düşüb. Həmin “imtahanlarda” xalqımız yüzlərlə şəhid verib, qan töküb, savaşıb öz mərdliyimiz və cəsarətimiz sayəsində dövlətçiliyimizi, müstəqilliyimizi, var olma pasportumuzu əldə etmişik. Bəzən mənfur düşmən əsgərlərimizin gücü qarşısında davam gətirməyəndə xəyanətlə sıravi vətəndaşlarımıza hücum edib, evlərini talayıb, onlara ağlasığmaz şəkildə işgəncələr verib, tarix boyu bizimlə düşmən olan ermənilər kimi. Tarix və xalqımız bütün bu olanları unudacaq, öz yaddaşından siləcək qədər soyuqqanlı, ədalətsiz deyil. 20-ci əsrin dəhşətləri sırasında yer alan, bəşəriyyətə qarşı törədilən cinayətlərdən sayılan "Xocalı soyqırım"ı haqqında danışmaq istəyirəm.
Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Azərbaycanın qədim şəhərində baş verib. Şəhər demək olar ki, axşam saatlarından düşmənin raket atəşinə məruz qalır. Lakin silahlı hücum 02.00-dan etibarən həyata keçirilir. Bu təcavüz zamanı şəhərin sakinləri olan azərbaycanlılar, sözün əsl mənasında, ermənilərin amansız hücumuna məruz qaldılar. Ermənilər silahsız insanlara özlərinə yaraşacaq şəkildə qəddarlıqla davranır, işgəncə verir, adamların diri-diri dərisini soyur, ailə üzvlərini bir-birinin gözü önündə öldürür, bunlarla kifayətlənməyib öldürdükləri insanların meyitini də təhqir edirdilər. Bütün bunları erməni hərbçiləri xüsusi qəddarlıq və amansızlıqla həyata keçirirdi. Bir sözlə, işğalçı Ermənistanın məqsədi bütün beynəlxalq hüquq normalarına əks olsa da, Dağlıq Qarabağı özünə zorla birləşdirmək idi. Və bu istiqamətdə bütün cinayət və vəhşiliyə hazır olduğunu çox aydın şəkildə bildirirdi. Xocalıda bu vəhşiliyi törətməklə sanki xalqımızın gözünü qorxudur, haqq davasında düşmənə güzəştə getməyə məcbur etmək istəyirdi. Amma bu nəticə vermədi.
Onu da qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə isə tamamilə yer üzündən silinib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Hətta taleyi bu günə qədər məlum olmayan onlarla həmvətənlərimiz də var.
Xocalı soyqırımının dünya mətbuatında və televiziyalarda yayımlanmasında, bu vəhşiliyin beynəlxalq aləmə çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin əməyi danılmazdır. O, Xocalıda törədilən vəhşilikləri lentə alaraq bütün dünyaya yaydı.
Bizə olan güclərini döyüş meydanında deyil, dünyadan xəbərsiz, beşiyində rahat-rahat yatan körpələrə göstərən ermənilər bir şeyi unudurdu - onlardan alınacaq müqəddəs və haqlı qisası. Bir zaman güclərini göstərdiyi körpələr, illər keçdikdən sonra 1992-ci ildə öldürülən vətəndaşlarımızın qisasını almaq üçün 30 illik həsrətə son qoyaraq ermənilərə öz layiq olduqları yeri göstərdilər. 44 günlük Qarabağ müharibəsi bu qisasın nəticəsi idi.
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş böyük cinayətdir. Artıq Pakistan, Sudan və bir çox dövlətlər Xocalı qətliamını soyqırım kimi tanıyır. Ölkəmizdə Xocalı soyqırımı qurbanlarının ruhunu əbədiləşdirmək üçün Bakının mərkəzi küçələrindən birində abidə ucaldılıb. Hər il 26 fevral günü bu abidə, o cümlədən Şəhidlər Xiyabanı ziyarət olunur, soyqırımda həyatını itirən şəhidlərin məzarı üzərinə qərənfillər qoyulur. Biz bu tarixi heç vaxt unutmayacağıq. Çünki yaxşı bilirik ki, torpaq uğrunda ölən varsa, Vətəndir!
Xumar Mikayılova
NDU-nun Jurnalistika ixtisası üzrə II kurs tələbəsi