1992-ci il 26 fevral hadisələrinin 30-cu ildönümü tamam olur. Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan aradan 30 il keçməsinə baxmayaraq, hələ də yaddaşlardan silinmir.
1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda olan soyqırımdır. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilən Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşən Xocalıda 1992-ci ilin qanlı gecəsinə kimi 7 min əhali yaşayırdı. Şəhərdə məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.
Hələ lap qədim zamanlardan çox böyük əraziyə, zəngin və əsrarəngiz təbiətə malik olan odlar yurdu Azərbaycanda şirin su mənbələrinin bolluğu, torpağın münbitliyi, zəngin yeraltı, yerüstü sərvətləri ilə diqqət mərkəzində olub və bir çox dövlətlər Azərbaycana qarşı qərəzli mövqe tutaraq onu ələ keçirməyə çalışıblar. Xalqımız bütün bu hücumlara mərdliklə sinə gərərək Vətənin bir qarış torpağını belə yadelli işğalçılara verməyib. Lakin Azərbaycana gözlənilmədən arxadan zərbə dəydi. Axı biz haradan biləydik ki, uzun illərdən bəri özümüzə dost sandığımız, öz torpaqlarımızda yer verib, çörəyimizə, suyumuza şərik etdiyimiz ermənilər dönüklük edəcək, xalqımızın kökünü kəsmək, torpaqlarımızı ələ keçirmək üçün ən dəhşətli üsullara əl atacaqlar? Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan biri və bəlkə də, ən amansızı Xocalıda quduz ermənilər tərəfindən törədilmiş soyqırımıdır.
Duz basdılar yarama,
Laylay, Xocalım, laylay,
Düşdüm gülləborana,
Laylay, Xocalım, laylay
O gecə Xocalı şəhəri mühasirəyə alındı, düşmən saysız-hesabsız texnika ilə hücuma keçdi. Mərmilərin partlayışından, topların gurultusundan yer-göy titrədi, qulaq tutuldu. Hər tərəf od içində idi. O qaranlıq və dəhşətli gecədə nə baş verdiyini, hücumun kim tərəfindən və niyə edildiyini anlamayan günahsız əhali çaş-baş qalaraq şəhəri tərk etməli oldu. Erməni vəhşiliklərindən yaxa qurtarmaq məqsədilə dağlara qaçan onlarla günahsız xocalılı donaraq öldü, bir çoxları müxtəlif əzalarını itirərək ömürlük şikəst qaldı. Aralarında qadın da vardı, qoca da, körpə uşaq da.
Sağ yana fəryadı, sola naləsi
Dilinin ucunda bala naləsi...
Qalırdı özündən dala naləsi
Bir gəlin qaçırdı dağlara sarı.
Lakin insan sifətini belə itirmiş ermənilər üçün bunun heç bir fərqi yox idi. Onların bir məqsədi var idi: torpaqlarımızı ələ keçirmək, xalqımızı qorxutmaq və susdurmaq. Ancaq düşmən yanılmışdı. "Hər kəs öz qəlbindən pay biçər” demişdir babalarımız. Doğru deyiblər. Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər, Əlif Hacıyevin başçılığı altında könüllülərdən ibarət dəstə Xocalının müdafiəsinə qalxdı. Lakin onun dəstəsi onlarla hərbi texnikanın qarşısında çox zəif idi.
Qəhrəman oğullarımız bu qeyri-bərabər döyüşdə qalib gəlməyin mümkün olmadığını yaxşı başa düşsələr də, bir an olsun belə tərəddüd etmədən döyüşə atılıb qəhrəmancasına həlak oldular. Azərbaycan torpaqlarının bütövlüyü, vətənin, xalqın şərəfi, ləyaqəti uğrunda canını qurban verən bu şəxslər şəhid oldu.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyr-şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.
Qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi oldu. Onların mübarizəsinə baxmayaraq, Xocalı düşmən əlinə keçdi. Nəticədə, 613 nəfər öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq valideynlərinin hər ikisini, 120 uşaq valideynlərinin birini itirdi, 1275 nəfər əsir götürüldü və hal-hazırda da ən qəddar üsullarla işgəncələrə məruz qalmaqdadırlar. Əhalinin bir hissəsi isə birtəhər qaçıb canını qurtarmağa nail oldu, Bakıya pənah gətirdi. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçdı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələdi, onlara amansız divan tutdu. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldular…
Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az,
Silinsin könüldən, ürəkdən ağrı,
Birdə tapdanmasın torpağın bağrı
Sağalsın yaralar, axmasın qanlar,
Sevinsin insanlar, gülsün insanlar.
Bəli, şükürlər olsun ki, ümidlərimiz, xəyallarımız gerçək oldu. 30 illik həsrətimizə son qoyuldu. Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən sonra rahatlıq tapdı. Günahsız tökülən qanların haqqı yerdə qalmadı, artıq bütün dünya Azərbaycanın haqq səsini eşitdi və mənfur düşmənimizi tanıdı. Amma illər ötsə də, aradan nə qədər zaman keçsə də, Xocalı hər zaman bizim qan yaddaşımız, unutmağa haqqımız olmayan dəhşətli tariximizdir!!!
Əzizə Əliyeva
NDU-nun müəllimi