AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl iclasda “Dilimiz – milli varlığımızdır” mövzusunda elmi məruzə ilə çıxış edib. Qeyd edib ki, dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributdur. Milli varlığımızı mədəni təməllərə bağlayan dilimiz xalqımızın milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Alim ana dilimizin mühafizəsi ilə əlaqədar Azərbaycan ziyalılarının xidmətlərindən söz açıb. Bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Həmin siyasət bu gün də onun layiqli davamçıları tərəfindən uğurla həyata keçirilir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun muxtar respublikada da uğurla davam etdirildiyini deyən Zülfiyyə İsmayıl vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyə edilməsi həm də dilimizin təbliğinə verilən qiymətdir. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq dilimizin tarixinin öyrənilməsi çərçivəsində “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və digər fundamental kitabların nəşri də dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi məmnunluq doğurur.
Məruzədən sonra İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar institutlarının Elmi şuralarının yeni tərkibinin, elmi-tədqiqat müəssisələrinin Elmi şuraların iki illik fəaliyyətinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibinin təsdiq edilməsi və gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.