Əcnəbi tələbələr Naxçıvanşünaslıq mərkəzi ilə tanış olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Naxçıvan Muxtar Respublikası Naxçıvanşünaslıq Mərkəzi ilə tanış olublar.
Əvvəlcə mərkəzin elmi katibi Nihad Tarverdiyev Naxçıvanın 98 illik muxtariyyət tarixinə nəzər salıb. Qeyd edib ki, Naxçıvanşünaslıq Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb və 9 fevral 2013-cü ildə istifadəyə verilib.
Elmi tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən mərkəzin mətbuat və oxu zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılıb. Mərkəzdə 4 fond yaradılıb. Kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilib. Mərkəzin elektron kataloq və ədəbiyyat sifarişi xidməti də aktivdir.
Tələbələr sərgi və çap materialları ilə tanış olublar.
Nihad Tarverdiyev bildirib ki, istifadəçilərin informasiya tələbatının yüksək səviyyədə ödənilməsi üçün elektron oxu zalında internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan istifadə edə bilərlər.
Tanışlıq zamanı mərkəzin kitab fondu haqqında da əcnəbi tələbələrə məlumat verilib.
Sevgili Mustafazadə