“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub

A- A A+

“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalı həftənin 1-ci günü satış köşklərində əldə etmək mümkün olacaq.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Jurnalda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin “Ön söz”ü yer alıb. “Ön söz”ü təqdim edirik:

Vaxtilə Mark Tven demişdir: “Uğur qazanmağın sirri fəaliyyətə başlamaqdır”. Ona görə də bu gün siz – cavan, enerjili, ambisiyalı, gələcəyə böyük planları olan gənclər öz fəaliyyət istiqamətlərinizi dəqiq müəyyən etməlisiniz. Bu istiqamətdə atdığınız ilk addım təqdirəlayiqdir, indi isə arzuladığınız nəticəni qazanmaqdan ötrü ciddi səylə çalışmalısınız. Buna nail olmaq üçün plan qurmağın tam vaxtıdır. Dəqiq tərtib edilmiş planla hərəkət edərək nə qədər çox səy göstərsəniz, nəticədən də bir o qədər məmnun qalacaqsınız.

Müasir dövrün abituriyentlərinin zəngin bilik qazanması üçün külli miqdarda kitab və elektron kitabxanalar var. Bu sahədə internetin geniş imkanlarından istifadə etmək çox mühümdür. Bununla belə, savadlı və təcrübəli müəllimlərlə daha yaxın ünsiyyətdə olun, onlar sizə elmi nailiyyətlərdən, praktik fəaliyyətlərindən də çox şey öyrədə bilər. Ona görə də təhsil illərində vaxtınızı düzgün dəyərləndirməyə, intensiv surətdə öyrənməyə, mütaliə etməyə çalışın.

Stiven Kovi deyirdi: “Siz çalışmayanda arzular da çalışmır”. Hər bir arzu xeyli zəhmət və səbir tələb edir. Deməli, biliklərlə silahlanmaq, tədris fənlərini öyrənmək, əlavə ədəbiyyatlar oxumaq, maarifləndirici proqramları izləmək lazımdır. Bu yalnız ali təhsil müəssisəsinə qəbul olmaq üçün deyil, həm də sizin gələcək uğurlu fəaliyyətinizi təmin etmək, həyat tərzinizi yaxşılaşdırmaq baxımından önəmlidir. Çünki təhsil öz qarşısında düşünülmüş məqsədlər qoyan, cəmiyyətin və ölkəsinin daha da inkişaf etməsi, rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə etməyi bacaran yüksək səviyyəli peşəkar kimi formalaşmağa imkan yaradır. Bu, həyatınızda uğur qazanmağın əsas açarıdır.

Seçdiyiniz sənətin peşəkarı olmaq üçün zəruri bilikləri qazana biləcəyiniz yer ali təhsil müəssisəsidir, oraya qəbul olmaq isə bilavasitə qəbul imtahanına hazırlıqla bağlıdır. Qəbul imtahanı fənlərinin proqramları, test tapşırığı nümunələri və 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbulla bağlı digər materiallar “Abituriyent” jurnalının bu nömrəsində dərc edilib. Bu il ən vacib dəyişiklik III qrup ixtisaslarının iki altqrupa ayrılmasıdır: DT və TC. Bunun başlıca səbəbi III qrupun bəzi ixtisaslarında coğrafiya fənni üzrə müəyyən biliklərin tələb edilməsidir. Bunu zəruri edən səbəb var. Bildiyiniz kimi, əvvəlki illərdə II ixtisas qrupuna daxil olan “Regionşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları cari ildən etibarən III qrupa keçirilib. Buna görə də III ixtisas qrupu üzrə imtahan fənlərinin siyahısına coğrafiya fənni də əlavə edilib. Məhz bu prinsipə uyğun olaraq 2023-cü ildə I ixtisas qrupunda informatika fənninin də imtahan fənləri siyahısına daxil edilməsi planlaşdırılıb.

Bu cür yeniliklərdən qorxmayın, onların mahiyyətini anlamağa çalışın. Bu işdə biz sizə kömək edə bilərik. Sizin bütün suallarınızı cavablandırmağa və təqdim edilmiş istənilən materialı izah etməyə hazırıq. Bu dəyişikliklər sizin imkanlarınızı genişləndirmək üçün tətbiq olunur. Dövlət İmtahan Mərkəzinin kollektivi qəbul kampaniyasının bütün mərhələlərində imtahana hazırlıqla bağlı sizə lazımi dəstəyi göstərəcək. Mərkəz tərəfindən rəsmi materialların, test toplularının, elmi-metodik vəsaitlərin nəşri, “Vizuallaşdırılmış dərs” sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xidmətlərinin göstərilməsi cari ildə imtahanların məzmunu, texnologiyası və təşkili haqqında məlumatlı olmağınıza xidmət edir.

Əziz oxucular, bu nömrədə təqdim edilən materiallar imtahana səmərəli hazırlaşmağınıza kömək edəcək. Siz həmin materiallarla işləməyə vərdiş etməlisiniz. Bu, asan olmasa da, müstəqil işləmək vərdişlərinə yiyələnməyiniz üçün vacibdir. Yaddaşınızı, diqqətinizi, təxəyyülünüzü, zəkanızı inkişaf etdirin. Kitablarla, dərsliklərlə, vəsaitlərlə işlədikdə əsas, əhəmiyyətli olanı ayıra bilməyi, anlayışları müqayisə etməyi öyrənin. Biliklərə yiyələnməkdə bunun böyük rolu vardır. Müstəqil surətdə öyrənin, lakin bununla belə müəllimlərinizlə məsləhətləşməyi də unutmayın.

Sizə DİM-in “Abituriyent” jurnalı, veb-saytımız və sosial media hesablarımızda (feysbuk, instaqram, tvitter, teleqram) təqdim etdiyimiz materiallarla tanış olmağı tövsiyə edirik.

Əziz gənclər, bu gün tərəqqi və modernləşmə yolu ilə inamla irəliləyən Azərbaycanımıza yüksək peşəkarlıq keyfiyyətlərinə malik, hadisə və prosesləri yaradıcı təfəkkürlə dərk edən, biliklərini qeyri-standart vəziyyətlərdə tətbiq etməyi bacaran, dinamik idarəetmə və müasir texnologiyalardan istifadə vərdişlərinə yiyələnən, eyni zamanda, milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq məfkurəsinin daşıyıcıları olan vətənpərvər mütəxəssislər lazımdır. Dövlətimizin təhsil sisteminin qarşısında qoyduğu bu mühüm vəzifənin reallaşdırılması sizin də həyat və fəaliyyətinizin amalı olmalıdır. Bu yolda hamınıza uğur arzu edirik!

Xatırladaq ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: