Sınaq imtahanlarının nəticələrinə dair statistik məlumat açıqlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) sınaq imtahanlarının nəticələrinə dair statistik məlumatı açıqlayıb. DİM tərəfindən 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq iki dəfə - 2021-ci il dekabrın 19-da və 2022-ci il fevralın 13-də sınaq imtahanları keçirilib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, I sınaq imtahanında 3819 nəfər (I qrup üzrə 1138; II qrup üzrə 779; III qrup üzrə 1297 (onlardan DT altqrupu üzrə 1289; TC altqrupu üzrə 20); IV qrup üzrə 605), II sınaq imtahanında isə 3137 nəfər (I qrup üzrə 992; II qrup üzrə 623; III qrup üzrə 992 (onlardan DT alt-qrupu üzrə 985; TC alt-qrupu üzrə 9); IV qrup üzrə 530) iştirak edib.

Qeyd edək ki, 2021-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsində 67 min 717 nəfər iştirak edib (I qrup üzrə 26 min 889; II qrup üzrə 15 min 726; III qrup üzrə 20 min 283; IV qrup üzrə 4819). Göründüyü kimi I sınaq imtahanında iştirak edənlərin sayı ötən il imtahanda iştirak edənlərin sayının 5.64 faizini, II sınaq imtahanında isə 4.63 faizini təşkil edib. Qruplar üzrə bu göstəricilər bir qədər fərqlidir və yalnız IV qrup üzrə sınaq imtahanında iştirak edənlərin sayı ötən il IV qrup üzrə qəbul imtahanında iştirak edən abituriyentlərin sayının 10 faizindən çoxunu təşkil edib.

Gözlənildiyi kimi, hər iki sınaq imtahanında ən yüksək nəticəni IV qrupun abituriyentləri əldə edib (I sınaqda orta bal – 173.03, II sınaqda orta bal – 189.81). I, II və III qruplarda I sınaq imtahanında əldə olunan nəticələr, müvafiq olaraq, 119.40, 104.03 və 156.26 bala (DT altqrupunda 156.45, TC altqrupunda 110.72), II sınaq imtahanında, müvafiq olaraq, 151.02, 110.25 və 174.25 bala (DT altqrupunda 174.42, TC altqrupunda 164.10) bərabər olub. Bu nəticələri ötənilki qəbul imtahanında toplanılan ballarla müqayisə etsək, görərik ki, I və II qruplar üzrə sınaq imtahanlarına orta və yüksək hazırlıqlı abituriyentlər, III və IV qruplar üzrə isə həm aşağı, həm orta, həm də yüksək hazırlıqlı abituriyentlər maraq göstərib.

1031 abituriyent dekabr və fevral aylarında keçirilmiş sınaq imtahanlarının hər ikisində eyni ixtisas qrupu üzrə, 8 abituriyent isə fərqli qruplar üzrə iştirak edib. Eyni ixtisas qrupu üzrə sınaq imtahanlarında iştirak edən 1031 abituriyentin fevral ayındakı imtahan nəticələri (riyazi gözləmə) dekabr ayındakı imtahan nəticələrinə nəzərən orta hesabla 16 bal artıb. Abituriyentlərin iki imtahan üzrə nəticələri arasında yüksək korrelyasiya (0.94) müşahidə olunub. Bu isə hər iki sınaq imtahanında təqdim olunan test tapşırıqlarının yüksək etibarlılığa malik olduğunu göstərir.

DİM tərəfindən, həmçinin 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçirilib. İmtahanda 988 nəfər iştirak edib. İmtahan iştirakçılarının orta balı (riyazi gözləmə) 60.14 olub. Onların yarısı 62.17 baldan yuxarı nəticə göstərib və 69.33 faizi isə ən azı 50 bal toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: