Naxçıvan məktəbliləri iki beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülüblər - FOTOLAR
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşan "Sabahın tədqiqatçıları" layihəsi 2021-2022-ci tədris ilində də uğurla həyata keçirilir.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə layihə çərçivəsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 9 №-li tam orta məktəbin XI sinif şagirdi Səmayə Rəsulova "Vremya Znaniy" Ümumrusiya məktəbli olimpiadasında “Literatura” (Dünya ədəbiyyatı – XI sinif) istiqaməti üzrə, “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Literatura i teoriya” mövzusu üzrə onlayn müsabiqələrin I dərəcəli diplom və medallarına layiq görülüb.
Naxçıvan şəhər 12 №-li tam orta məktəbin X sinif şagirdi Sabirə Seyidova isə “Erudit” onlayn beynəlxalq müsabiqəsinin "Favourite English" (“Söz birləşmələri və idiomlar”) istiqaməti üzrə I dərəcəli diplom və medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, məktəblilərdə düzgün tədqiqat aparmaq bacarıqları formalaşdırdığına, uğurlu elmi rəhbərliyinə görə Leyla Səfərova hər iki müsabiqənin münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.