Naxçıvan Dövlət Universitetinin “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə onlayn tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə “Clarivate Analytics” Şirkətinin Rusiya və MDB ölkələri üzrə rəhbəri Oleq Utkin şirkətin ümumi fəaliyyəti, əməkdaşlıq imkanları, elmi jurnalların indekslənməsi, impakfaktorlar barədə məlumat verib.
“Clarivate Analytics” şirkətinin regional təhsil şöbəsinin müdiri Valentin Boqorov qeyd edib ki, Web of Science və Scopus hazırda dünyada ən nüfuzlu baza olaraq qəbul olunur. “Web of Science”in bazasına 12 mindən, “Scopus”un bazasına isə 25 mindən artıq jurnal daxildir. Hər il bu bazalar yenilənir.
Vurğulanıb ki, “Web of Science” dünyada qarşılıqlı sitat gətirməni nəzərə alaraq akademik materialların referativ bazalarını özündə cəmləşdirən ən böyük axtarış platformalarından biridir və bu sitat gətirmənin əsasında hər bir jurnal ayrıca impakt-faktor alır. Hazırda 800 milyondan çox istinadları indeksləşdirən “Web of Science” elmmetrik platformasının əsasını təşkil edən təbiət və dəqiq elmləri, ictimai elmləri və humanitar elmləri özündə cəmləşdirən üç əsas və yeni baza mövcuddur.
Qeyd edilib ki, nəşr standartlarının digər əlamətlərindən biri də məqalələrin resenziyadan keçməsidir, bu da təqdim olunan elmi materialların keyfiyyətinin, həmçinin orada istinad edilən ədəbiyyat siyahısının dolğun şəkildə verildiyinin göstəricisidir. Valentin Boqorov Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin son iki ildə “web of science” indeks bazalarında elmi məqalə nəşrlərinin qənaətbəxş olduğunu bildirib.
Universitetin rektoru Elbrus İsayev ali təhsilin davamlı inkişafa nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, elmin və texnologiyanın inkişaf etdiyi, elmi kommunikasiyanın həyatımızın mühüm hissəsinə çevrildiyi bu dövrdə elmi jurnalların “Web of Science” və ya “Scopus” beynəlxalq elmmetrik məlumat bazalarına daxil edilməsi zərurətdir. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web of Science”də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib.
Onlayn görüş zamanı müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair gələcək perspektivlərin həyata keçirilməsi qərara alınıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Səadət Əliyeva