33 şagird ölkə və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olub - FOTOLAR
Martın 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində “Şahmat və fiziki tərbiyə fənninin tədrisi vəziyyəti” ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müşavirədə təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsidir ki, bu gün ümumtəhsil müəssisələrində 30 futbol, 14 mini futbol meydançası, 203 idman zalı, açıq idman qurğuları və şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 200-dən artıq idman klubları yaradılıb.
Naziri bildirib ki, hazırda muxtar respublika ümumtəhsil məktəblərində 378 fiziki tərbiyə müəllimi fəaliyyət göstərir. Onların 35-i müəllimlərin işə qəbulu müsabiqələrində ən yüksək nəticə göstərən gənc kadrlardır. Təhsil müəssisələrində idman infrastrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, bədən tərbiyəsi və idman ixtisaslarına maraq artıb, təkcə ötən tədris ilində 33 məzun ali məktəblərin idman ixtisaslarına qəbul olunub.
Nazir şahmatın tədrisi üçün yaradılan şəraitdən və tədrisin səviyyəsinin yüksəldilməsi üçün Şahmat Federasiyası tərəfindən görülən işlərdən bəhs edərək qeyd edib ki, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılıb, həmin siniflər zəruri avadanlıqlarla, o cümlədən 67 kompüter və 9 elektron lövhə ilə təchiz olunub. Bunlarla yanaşı Şahmat Federasiyası ilə birgə şahmatı tədris edən müəllimlərin sertifikasiyası aparılıb, 505 müəllim sertifikatla təmin edilib. Şahmat Federasiyası tərəfindən 5 adda 600-dən artıq vəsait hazlanaraq ümumtəhsil və şahmat məktəblərinə, həmçinin müəllimlərə verilib.
Rəhman Məmmədov onu da qeyd edib ki, cari tədris ilində 33 məktəbli idmanın boks, kikboksinq, sərbəst güləş, atletika, şahmat, karate-do növləri üzrə ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr qazanıb.
Müşavirədə rayon təhsil şöbələrinin müdirləri, Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat Məktəblərinin direktorları görülən işlər barədə məlumat veriblər.
Sonda təhsil naziri idman və şahmat məktəblərində tədrisin səviyyəsinin artırılması, yerlərdə federasiyaların bölmələri ilə əlaqələrin gücləndirilməsi, şagirdlərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi barədə rayon təhsil şöbələrinin müdirlərinə, şahmat və idman məktəblərinin direktorlarına tapşırıqlar verib