İmtahanlar vaxtında və şəffaf şəkildə keçirilir

A- A A+

Ötən ay qanunvericiliyin tətbiqinə nəzarət, işə qəbul, müsahibə və sertifikasiya imtahanlarının vaxtında və şəffaf şəkildə keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aidiyyəti üzrə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 25-dən başlayan dövlət qulluğuna qəbulun müsahibə mərhələsi fevralın 9-da başa çatıb. Müsahibənin nəticələrinə əsasən bu mərhələdə iştirak edən 183 namizəddən 79-u müvafiq keçid balını toplayıb. Keçid balını toplamış namizədlər haqqında qanuni qərarın qəbul edilməsi üçün sənədlər müvafiq olaraq aidiyyəti üzrə göndərilib.

Hesabat ayında təhsilverənlərin sertifikatlaşdırma imtahanları davam etdirilib. Bununla da muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sertifikatlaşdırılması tam başa çatdırılıb. Digər ixtisaslar üzrə imtahanlar müvafiq olaraq aprelin 7-ə qədər davam edəcək.

Fevralın 22-də tibb işçilərinin növbəti işə qəbul imtahanları keçirilib. Səhiyyə müəssisələrinin kadr ehtiyacının təmin edilməsi və ixtisaslı kadr potensialının artırılması məqsədilə keçirilən imtahanda 189-u orta ixtisas tibb işçisi, 25-i isə həkim vəzifələri üzrə olmaqla, 214 namizəd qeydiyyatdan keçib. Onlardan 211-i imtahanlarda iştirak edib, 62 namizəd isə keçid balını toplayıb. İmtahanın yazılı şəkildə olacaq ikinci mərhələsinin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulur.

Fevralın 24-də mərkəzin innovativ yeniliklərin tətbiqinin davam etdirilməsi istiqamətində fəaliyyətinə uyğun olaraq 23 dövlət orqanını təmsil edən nümayəndənin iştirakı ilə Dövlət Orqanları İşçilərinin Reyestri Proqramı təqdim olunub. Yeni proqram işçilərin “elektron şəxsi işi”nin yaradılmasına imkan verir. 29 kateqoriya üzrə axtarış imkanı yaradılan proqrama statistik məlumatlar, hesabatlar, dövlət orqanları işçilərinin sayı, dövlət orqanlarının siyahısı haqqında, habelə dövlət işçilərinin stajı üzrə məlumatlar altbölmələri əlavə edilib. Reyestrin aparılmasına dair anket forması, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət orqanları işçilərinin elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.

Hesabat ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş dövlət qulluğuna qəbul üçün hazırlıq kurslarında 94 nəfər iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: