Muxtar respublikanın ali təhsil müəssisələri EURIE 2022-də təmsil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda fəaliyyət göstərən ali məktəblərin nümayəndə heyətləri Türkiyənin İstanbul Aydın Universitetində hibrid formatda 7-ci Avrasiya Ali Təhsil Sammiti EURIE 2022-nin rəsmi açılışında iştirak ediblər. 

Sammitdə Naxçıvan Dövlət Universitetini Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov, Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva, Naxçıvan Müəllimlər İnstitutunu isə Tədris və tərbiyə işləri üzrə prorektor Çapay Quliyev, onlayn formatda isə hazırlanan stenddə xarici əlaqələr üzrə mütəxəssis Günay Fərəcova təmsil edib. Sammitdə 50-dən çox ölkədən 1550-dən çox nümayəndə heyəti iştirak edib.  

EURIE 2022-nin açılış mərasimində çıxış edən Avrasiya Universitetlər Birliyinin prezidenti Mustafa Aydın tədbirdə iştirak edən rəsmi nümayəndələri salamlayaraq sammitin əhəmiyyətindən danışıb. Tədbirin rəsmi açılışından sonra tədbir bölmə iclasları ilə davam edib. 

Sammitin ikinci günü Mərmərə Universitetində davam edib. Mərmərə Universitetinin Beynəlxalq Əlaqələr və Akademik işbirliyi ofisinin baş direktoru professor Nuri Tınaz qonaqları salamlayaraq universitetin beynəlxalq əlaqələri və akademik əməkdaşlıq haqqında ətraflı məlumat verib. Sonra Amerika, İngiltərə, Əfqanıstan, Pakistan, Özbəkistan, Rumıniya, Misir və dünyanın digər ölkələrindən sammitdə iştirak edən universitet əməkdaşları təmsil etdikləri universitet haqqında qısa məlumat veriblər.

EURIE 2016-cı ildən təşkil edilən illik beynəlxalq ali təhsil konfransı və sərgisidir. EURIE sərgisi müxtəlif ölkələrdən və regionlardan gələn iştirakçı ali təhsil müəssisələri və ali təhsildə digər maraqlı tərəflər üçün böyük şəbəkələşmə, akademik tərəfdaşlıq və biznesin inkişafı imkanlarını təklif edir.

Qeyd edək ki, 3 gün davam edəcək sammitin proqramına panel sessiyaları, dəyirmi masalar, tanınmış təhsil nümayəndələri ilə görüşlər, tematik seminarlar, eləcə də təhsil sərgisi daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: