Faunamızın "Fatimə" adlı gözəli - FOTOLAR

A- A A+

Həşəratlar sinfinin bir dəstəsini təşkil edən iynəcə növləri Naxçıvan Muxtar Respublikası faunasının səciyyəvi tərkib hissələrindən biridir. Hamının yaxşı tanıdığı iynəcələr Antarktida qitəsindən başqa dünyanın hər yerində yayılıblar. Onlar iri, fasetli gözlər daşıyan hərəkətli başa, yoğun döşə, uzun qamətli qarıncığa və sıx damar şəbəkəsinə, 4 şəffaf qanada malik qədim həşəratlardır. Naxçıvan təbiətinin özünəməxsus təbii-coğrafi şəraiti, günəşli günlərinin sayı, Günəş radiasiyanın bolluğu iynəcələrin yaşayışı üçün əlverişli ekoloji şərait yaradıb. Onların uçuşunu ilk yaz günlərindən başlamış payızın sonunadək izləmək mümkündür. Su-hava həyat tərzi keçirən iynəcələr Arazboyu düzənlikdən başlamış yüksək dağlığa qədər, su olan hər yerdə yaşayırlar.

Müxtəlif zərərverici həşəratları, xüsusən qansorucu ikiqanadlıları uçuş zamanı ovlayan və faydalı orqanizmlər hesab edilən iynəcələr əsasən inkişafını müxtəlif sututarlarda keçirən sürfələrinə (nimfalarına) görə öyrənilib. Entomofaunamızda dəstənin 9 fəsilədə birləşmiş 36 növünün yayıldığı müəyyən edilib.   

Gözəl Fatimə və ya Epallage fatime (Charpentier, 1840) Odonata dəstəsinin Euphaeidae  fəsiləsinin eyniadlı cinsinin monotip nümayəndəsidir. Növ daha çox İslam dininin yayıldığı ərazilərdə məskunlaşdığı üçün təsvirini ilk dəfə vermiş müəllif tərəfindən Məhəmməd peyğəmbərin qızı Fatimənin şərəfinə adlandırılıb.

İynəcələr orta böyüklükdə və olduqca zərif quruluşlu olub ümumi uzunluğu 40-50 mm-ə bərabər olan bədənə malikdir. Arxa qanadların uzunluğu 30-34 mm-dir.  Döş qismən qısa və qalındır, onun ön hissəsi 2 enli, yan tərəfləri isə 3 qara zolaqlıdır. Dişi və erkək fərdlərin qanad gözcükləri yaxşı inkişaf edib. Şəffaf qanadların əsası və zirvəsi bir qədər qaralmış və qonur rənglidir. Erkəklərdə bədən örtüyü yaşla əlaqədar olaraq tündləşən göyümtül çalarlıdır.

Növün nimfaları fərqli xarici görünüşünə və quruluşuna görə digər bərabərqanadlı iynəcə növlərinin sürfələrindən fərqlənirlər. Onların bədəni yoğun, bir qədər kütləli və məxmər tükcüklüdür. Bədənin son ucu bir-birinə sıx yerləşmiş 3 baramaşəkilli və iti uclu qəlsəmə ilə qurtarır. Sürfənin uzunluğu-1,5 sm, kütləsi-0,07 q-dır. Başı üst tərəfdən görünüşünə görə gündəcə sürfəsini xatırladır. Maskasının uzunluğu - 3,0 mm olub küt beşbucaqlı fiqur şəklindədir. Onun arxa qurtaracağı birinci cüt ətrafların bitişmə yerinə yaxınlaşır. Qarıncıq buğumlarının kənarlarında hər buğumda bir cüt olmaqla tədricən nazikləşən 7 cüt əmcək-qəlsəmə var.

Növün yetkin fərdləri Babək, Kəngərli və Şərur rayonları ərazisində, sürfələri isə sakit axarlı kiçik suvarma kanallarında 15-20 sm dərinlikdə ot örtüyünün və daşların arasında tapılıb. Azərbaycanda və Naxçıvan MR-də nadir rast gəlinən (5-6 m2 biotop sahəsində 1 sürfə ehtimalı ilə) növdür. Suyun güclü axını, onun quruması və yırtıcıların artan basqısı əsas təhlükə amilləridir. Gözəlcə növünün Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitablarına“ daxil edilməsi tövsiyə olunub.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları

Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov

Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: