Azərbaycan qadını cəmiyyətin mədəni inkişafında aparıcı rola malikdir - FOTOLAR
Bu fikirlər AMEA Naxçıvan Bölməsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan bəhs edib. Bildirib ki, qadınlar ölkənin elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində fəal təmsil olunurlar.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirərək ölkəmizdə, eləcə də muxtar respublikada qadınların fəaliyyətinə verilən qiymət, göstərilən dəstək və qayğıdan söz açan alim bölmədə çalışan xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbirdə məruzə edən Bölmənin Təbii Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızı işğaldan azad edən qəhrəman oğulları böyüdən analar, cəfakeş şəhid xanımları mətanətli Azərbaycan qadınlarının real ifadəsidir. Bildirib ki, qadınlarımız soykökünə, xalqımızın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq nəsillərin varisliyini təmin edir, onu daha da zənginləşdirərək gələcəyimizi daha etibarlı formalaşdırırlar.
Tədbirdə digər çıxış edənlər də qadınlara səmimi arzularını çatdırıblar.
Sonda AMEA Naxçıvan Bölməsində çalışan qadınlara hədiyyələr təqdim olunub.
Məhəmməd Fərəcov