Muxtar respublika təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Gənclik Mərkəzi”ndə keçirilən konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov “2017-2018-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. Qeyd olunub ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Təkcə 2018-ci ilin birinci yarımili ərzində 904 şagird yerlik 3 ümumtəshil məktəbi və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb.

Bildirilib ki, təhsilin inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, bu il ali və orta ixtisas müəssisələrinə 2627 məzun sənəd verib. Onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanıb. 2017-2018-ci tədis ilində məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb.

Ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışan təhsil naziri  bildirib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımı şəkildə nəzarət etməyən məktəblər də var.

Vurğulanıb ki, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından, xüsusən də elektron lövhələrdən istifadəsi tələb olunan səviyyədə deyil. Ümumiyyətlə, dərsə hazırlıqsız gələn müəllimlər hələ də vardır. Təhsil müəssisələrində ixtisaslı fənn müəllimlərinin olduğu halda, dərslərin qeyri-ixtisas fənn müəllimləri tərəfindən tədris edilməsi hallarına da yol verilib. Bu da tədrisin səviyyəsini aşağı salıb.

Bildirilib ki, 2018-2019-cu tədis ili təhsildə ciddi dönüş ili olmalı, mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır.

Məruzə ətrafında müzakirələrdə məktəb direktorlarının çıxışları dinlənilib.

Sonda konfransın qətnaməsi qəbul edilib.

                                                                            Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: