Meyvə bitkilərinin calaq edilməsi bir çox üsullarla aparılır. Bunlardan ən çox tətbiq edilən qələm, yarma, göz, lülə (üskük) calaqlarıdır. Adətən göz calağı vurmaq üçün 8-10 mm yoğunluğunda olan tinglər, yarma calağı vurmaq üçün isə 20-50 mm yoğunluğunda olan sağlam tinglər yararlı hesab olunur. Mart ayının birinci ongünlüyündə yaz calağının vurulma müddəti başlayır. Hava şəraitindən asılı olaraq bu müddət biraz tez ola bilər. Demək olar ki, yaz calağının vurulmasında əsas diqqət meyvə ağaclarında və ya dekorativ ağaclarda şirə hərəkəti başlamamışdan calaq vurma işinə başlamaq lazımdır. Yəni tumurcuqlar tam şişməmişdən və ya tumurcuqlar açmamışdan qabaq calaq işləri yerinə yetirilməlidir. Yazda vurulan calaq işlərinin aparılması bir az çətin və zəhmət tələb edən iş olsa da, nəticədə vurulan calaqların tutma ehtimalı 95-100 %-dir.
Qələm calağı:
- Çox qədim zamanlardan tətbiq edilən qələm calağı ilk yazda, yəni bitkilərdə şirə axımı başlayan zaman icra edilir. Üstün cəhəti odur ki, yoğunlaşmış ağaclara və calaqaltılara calaq vurmaq olur. Qələm calağının sadə qələm calağı, qabıqaltı calaq, təkmilləşdirilmiş çəp calaq və yarma calağı kimi növləri var
Sadə qələm calağında eyni diametrli calaqaltı ilə calaqüstü çəpinə kəsilir (calaq vurmaq üçün hazırlanmış qələmin üzərində 3-4 tumurcuq olmaq şərtilə) bir-birinin üstünə qoyularaq sarınır. Sarğı materialı sintetik deyilsə, onda həmin sarğının üzərinə bağ məlhəminin sürtülməsi məsləhətdir.
Qabıqaltı calaq vegetasiya dövrü başlandıqdan qabıq oduncaqdan asanlıqla ayrılan vaxtda icra edilir. Calaqaltı üzərində qabıq 5-7 sm uzunluqda kəsilərək, azca qaldırılaraq, hazırlanmış calaqüstü həmin qabığın altına yerləşdirilir. Sarğı materialı ilə bağlanaraq, bağ məlhəmi ilə örtürülür.
Təkmilləşdirilmiş çəp calaq üsulunda eyni diametrli calaqaltı ilə calaqüstü çəp kəsilərək hər ikisində tam mərkəzdən dilcik əmələ gətirilərək bir-birinə keçirilir, boşluq qalmamasına ciddi fikir verməklə bağlanaraq, bağ məlhəmi sürtülür.
Yarma calağının vurulma müddəti və qaydası:
- Yarma calağı çox qədim zamanlardan tətbiq edilir. Bu calaq ilk yazda, yəni bitkilərdə şirə hərəkəti başlayan zaman icra edilir. Bu da Naxçıvan Muxtar Respublikası ərazisində hündürlüklərdən və hava şəraitindən asılı olaraq mart, aprel aylarında olur. Bu calağın əsas üstün cəhəti ondadır ki, o daha iri kötüklü yogunlaşmış calaqaltılar üstündə də tətbiq edilir. Bu üsulun daha sadə olmağına baxmayaraq, bəzi mənfi cəhətləri də vardır. Məsələn, calaqaltı yarılarkən çox yaralandığından bəzən çürümək ehtimalı baş verir.
Buna baxmayaraq bu calaq üsulundan indiyə kimi yaşlı ağacların calaq edilməsində istifadə edilib, haliyədə də edilməkdədir. Yarma calağı edərkən ilk növbədə calaqaltının kök boğazı torpaqdan təmizlənir. Kəsilmiş calaqaltı iti bıçaq və dəhrə ilə ehmalca yarılır. Calaqaltı həmin kök boğazından 5-6 sm hündürlükdən mişar ilə hamar kəsilir, (üzüm bitkisi isə kök boğazından calandıqda yaxşı nəticə verir, çünki kök boğazına calanmış üzüm sonradan calaq vurulan yer torpaqla doldurulur vurulmuş calağın ozü də kök ataraq qüvvətlənir). Calaqaüstü üçün kəsilmiş qələmlər calaqaltındakı yarılmış hissəyə uyğun üçbucaq formada kəsilərək calaq altına yerləşdirilir. Calaqüstü üçün hazırlanmış çilikləri calaqaltında elə yerləşdirmək lazımdır ki, çiliyin bir tərəfinin qabığı calaqaltının qabığı ilə eyni səviyyədə olsun və möhkəm sarınsın. Yaxşı olar ki, sarğının üzəri və calaqaltının kəsildiyi yer bağ məlhəmilə örtülsün. Yazda bu calaq üsulundan geniş sahələrdə calaq ediləcəksə, həmin calaqlar üçün çiliklər payızdan tədarük edilməlidir. Çünki yazda şirə hərəkətinin başlanmasından 15-20 gün sonra bütün tumurcuqlar açır. Onda calaq vurmaq üçün qələm tapmaq çətinləşir. Payızda çiliklər tədarük ediməyibsə, ilk yazda şirə hərəkəti başlamağa başlayan müddətdə çilikləri tədarük edib soyuducuda alt gözdə 0 dərəcə temperaturda saxlamaq lazımdır.
Əgər götürülmüş çiliklər tez bir zamanda istifadə ediləcəksə, onu soyuducuya qoymaq lazım deyil, sadəcə nəm dəsmala büküb sərin yerdə saxlamaq kifayətdir.
Loğman Bayramov
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı