NDU-da Milli Teatr Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağının İncəsənət fakültəsində Milli teatrın yaradılmasının 149 illiyi münasibətilə tədbir keçirilib. 

Tədbirdə Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova qeyd edib ki, 149 yaşını qeyd edən Azərbaycan Milli teatrı 1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri ilə qoyulub. Bu əlamətdar tarix hər il universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasında da bütün müəllim və tələbə-aktyor heyəti ilə birgə qeyd edilir. Bildirilib ki, ali təhsil ocağında 20 ildən artıqdır ki, fəaliyyət göstərən Tələbə Teatr Studiyasının hazırladığı tamaşalar universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmaqla bərabər, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarda  da uğurlar əldə edib.

Daha sonra Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.

Tamaşadan sonra  “Aktyor sənəti” ixtisasında təhsil alan tələbələrlə görüşən universitetin rektoru Elbrus İsayev tələbə və müəllimlərin bu sahədəki işini yüksək qiymətləndirib, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Qeyd edilib ki, 2011-ci ildə ali təhsil ocağında Teatr və Mədəniyyətşünaslıq kafedrasının nəzdində “Aktyor sənəti” ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Rektor Gülxarə Əhmədovanın teatr sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. Ona diplom, kitab və pul mükafatı təqdim edib. Həmçinin il ərzində öz bacarıqları ilə seçilən, tədbirlərdə fəal iştirak edən tələbələrə təşəkkürnamə, digər müəllimlərə də pul mükafatı verilib. 

Məmmədbağır Dünyamalıyev 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: