Azərbaycan memarlığında konstruksiyalı hesablamaya dair ilk kitabın təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin Meliorasiya və geodeziya mühəndisliyi kafedrasının əməkdaşları memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev, Baxşəli Mazanov və Heydər Əsədovun həmmüəllif olduğu “Orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstruksiyalarının hesablanması” adlı monoqrafiyanın təqdimatı keçirilib. 

Universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan monoqrafiyanı sanballı nəşr və tədqiqat əsəri kimi qiymətləndirib. Bildirilib ki, orta əsrlər dövründə Naxçıvanın bütün Azərbaycanın mərkəzi olması məhz elə bu dövrdə memarlıq nümunələrinin də yaranmasına gətirib çıxarıb. Atabəylər dövründə Naxçıvanda Əcəmi Naxçıvaninin yaratdığı memarlıq əsərləri, xüsusilə Möminə xatun türbəsinin memarlıq quruluşu Orta əsr müsəlman Şərq memarlıq formalarının zirvəsinə çevrilib. Rektor universitet Elmi Şurasının qərarı ilə çap olunan dərs vəsaitinin müəllim və tələbələr, həmçinin bu sahədə çalışan tədqiqatçılar üçün də əhəmiyyətli olacağını qeyd edib.  

Naxçıvan Müəllimlər İnstitutu Təsviri incəsənət kafedrasının dosenti, sənətşünas Nizami Alıyev qeyd edib ki, monoqrafiya “Səlcuqlar dövrü Naxçıvan memarlıq abidələrinin memarlıq formalarının özəllikləri” və “Orta əsr Naxçıvan memarlıq abidələrində günbəz və çatma tağ konstruksiyalarının hesablanması” adlı iki fəsildən ibarətdir. Sənətşünas alim bildirib ki, orta əsr müsəlman intibahı dövründə yaradılan Naxçıvan-Marağa memarlıq formalarının tədqiqinə həsr edilən monoqrafiyada Naxçıvan-Marağa memarlıq məktəbindən, Naxçıvanda Gilan, Duzal, Nuh, Gülüstan, Qarabağlar türbələri, onların fəza quruluşu, türbələrin naxış kompozisiyasından bəhs edilib. Monoqrafiyanın II fəslində isə Möminə xatun və Yusif Küseyir oğlu türbələrinin konstruksiyalarının hesablanması qaydaları verilib. Monoqrafiyada Azərbaycan, Türk, Rus, İngilis və Fars dili olmaqla, ümumilikdə 39 ədəbiyyatdan istifadə edilib. 

Qeyd olunub ki, monoqrafiyada müəlliflər, həmçinin Möminə Xatın türbəsi medalyonlarını tədqiq edib, onun həndəsi formasını qrafiki analiz ediblər. 

Sonda kitabın müəlliflərindən memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev qeyd edib ki, muxtar respublikada tarixi abidələr xüsusi həssaslıqla qorunur və bərpa olunur. “Elm adamları bu sahədə yazdıqları tədqiqat əsərləri ilə əsrlərin ünvanı olan bu abidələrimizi tədqiq edib ictimaiyyətə çatdırmalıdır”,- deyə bildirən müəllif ziyalılara, elmi mühitə göstərilən dövlət dəstəyinə görə minnətdarlığını ifadə edib.

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: