Tibb işçilərinin işə qəbulu üzrə müsabiqənin klinik tapşırıq mərhələsi keçirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən Naxçıvanda tibb işçilərinin işə qəbulu müsabiqəsinin klinik tapşırıq mərhələsi keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçirilir. Bu mərhələdə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin edilir. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilir və sonra bütün suallar üzrə verilən ballar toplanılır (cəmi 25 mümkün bal). Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunublar.
İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır. Ən yüksək nəticəni göstərən namizəd vakant vəzifəyə təyin olunur.
Qeyd edək ki, 22-23 fevral tarixlərində keçirilən imtahanın test mərhələsində 211 namizəd iştirak edib. Onlardan həkim vəzifələri üzrə 17, orta ixtisas tibb işçisi vəzifələri üzrə 60 namizəd olmaqla 77 namizəd keçid balını toplayıb və ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. Ən sıx müsabiqə vəziyyəti həkim vəzifələri üzrə həkim-stomatoloq (7) və təcili tibbi yardım üzrə həkim (6), orta ixtisas tibb işçisi vəzifələri üzrə mama (31) və tibb bacısı (17) ixtisasları üzrə yaranıb.