Milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-nəzəri seminar keçirilib - FOTOLAR
Azərbaycan xalqının mənəvi zənginliyinin, tarix və mədəniyyətimizin qədimliyinin inikası olan, birliyimizi təcəssüm edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının, xüsusilə də gənclərin müqəddəs borcudur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin akt zalında “Milli-mənəvi dəyərlərimiz, millilik anlayışı, cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən elmi-nəzəri seminarda ali təhsil ocağının rektoru Elbrus İsayev deyib. “Milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasına təsir göstərməklə bərabər, dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm rol oynayır”,- deyə bildirən rektor ziyalı gəncliyi xalqımızın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi dəyərlərə daha həssas münasibət göstərməyə, dünya xalqları arasında təbliğində fəal olmağa çağırıb.
Ümumi işlər üzrə prorektor Xəyal Camalov multikulturalizm və milli-mənəvi dəyərlərimiz, sosial şəbəkələrdən istifadənin zərərli tərəfləri haqqında danışıb, gəncləri sosial şəbəkələrdən və media platformalarından düzgün istifadəyə səsləyib.
Tədbirdə “Milli-mənəvi dəyərlərimizin cəmiyyətimizin inkişafında yolu” mövzusunda da danışılıb.
Daha sonra əcnəbi tələbələrin Azərbaycan Respublikasında yaşayış, hərəkət qaydaları və qanunların aliliyinə əməl edilməsinin zəruriliyi vurğulanıb, miqrasiya məsələləri, miqrasiya kartlarından düzgün istifadə qaydaları onların diqqətinə çatdırılıb.
Hazırlıq kursunun dinləyicisi olan əcnəbi tələbələrə təhsildə əldə etdikləri nailiyyətlərə və universitetin ictimai həyatında fəal iştiraklarına görə təşəkkürnamə təqdim edən rektor Elbrus İsayev milli-mənəvi dəyərlərimizin ən yaxşı xüsusiyyətlərini özündə daşıyan Novruz bayramı münasibətilə tələbələri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb.
Sevda Qənbərova
“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi