Məktəblərdə İKT-nin tətbiqi məsələləri müzakirə edilib

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda “Fəal interaktiv təlimin tətbiqində İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, institutun professor-müəllim heyəti, tələbələr və ümumtəhsil məktəblərindən 60 müəllimin iştirak etdiyi konfransda institutun rektoru Azad Novruzov müasir texnologiyaların elmdə və tədrisdə tətbiqinin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, artıq yeni nəslin müəllimindən bu sahə üzrə müəyyən bacarıq və vərdişlərin olması, internet resurslarına və multimedia vasitələrinə uyğun təhsil şəraitinin yaradılması, öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun şagirdlərin inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir. Bu da məktəblilərin mövzuları daha dərindən mənimsəməsinə şərait yaradır, olimpiadalarda, intellektual yarışlarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.

Azad Novruzov deyib ki, muxtar respublikanın bütün təhsil müəssisələrində yaradılan şərait bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına səbəb olub.

İnstitutun “Ali riyaziyyat və informatika” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanovun, kafedranın müəllimi Fidan Əzizovanın, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllimi İlhamə Quliyevanın və Şərur rayon Çəmənli kənd tam orta məktəbin müəllimi Leyla Qurbanovanın müxtəlif  mövzulardakı çıxışları dinlənilib.

Çıxışlarda müasir texnologiyalardan istifadə etməklə yeni bilik və məlumatların şüurlu mənimsədilməsi yollarından ətraflı bəhs olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: