Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya - FOTOLAR
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş “Tarixi roman janrı: ədəbi ənənə və müasirlik” mövzusunda hibrid formatda elmi sessiya keçirilib.
İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı ilə bağlı təşkil olunmuş sərgiyə baxıblar. Sonra böyük yazıçının fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli Məmməd Səid Ordubadinin həm ictimai-siyasi xadim kimi, həm də bir mütəfəkkir kimi gördüyü işlər haqqında danışıb. O, Ədəbiyyat İnstitutunda yazıçının yaradıcılıq yolunun daim diqqətdə saxlanıldığını deyib: “Fikrimcə, Ordubadi Azərbaycan ədəbiyyatının Lev Tolstoyudur. O, ədəbiyyatımızda ilk tarixi romanın müəllifidir. Əsərlərinin səkkizcildliyi çap olunub, lakin arxivlərdə olanları da çap etsək, oncildliyi yaranar. Onun “Qanlı sənələr” əsərini biz tapmışıq. İlk dəfə 1911-ci ildə çap olunan bu kitab qadağan olunmuşdu. Arxiv açılandan sonra tapdıq və xarici dillərə tərcümə olundu. “Bu şəhərdə” adlı xatirə əsəri isə çap olunmayıb.
Yazıçının 150 illiyinin qeyd olunması bizim Ordubadiyə yenidən qayıtmağa, ona müstəqillik gözü ilə yenidən baxaraq elmi cəhətdən dərk etməyə meydan açır. Yazıçının altı mindən çox əsəri var. Ulu öndər Heydər Əliyev də Məmməd Səid Ordubadinin yaradıcılığına böyük qiymət verib. Yeni nəsil onu yenidən araşdırmalıdır. Elmi sessiyada institutumuzun magistrantlarının və təcrübədə olan tələbələrin iştirakı da buna xidmət edir”.
Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vaqif Yusifli “Roman janrının inkişafında Məmməd Səid Ordubadi mərhələsi” mövzusunda məruzəsində yazıçı haqqında hərtərəfli məlumat verib. Qeyd edib ki, o, Azərbaycanda roman janrının ilkin nümunələrini (“İki çocuğun Avropaya səyahəti” və “Bədbəxt milyonçu”) yaradıb, sonralar isə ədəbiyyatımızda ilk tarixi romanın təməlini qoyub. Məmməd Səid Ordubadi ədəbiyyatımızda Cənubi Azərbaycan həyatını, orada yaşayan soydaşlarımızın həyat tərzini və inqilabi mübarizəsini qələmə alan ilk yazıçılardan biri olub. Yazıçı milli mətbuatımızın inkişafında da mühüm rol oynayıb və xüsusən keçən əsrin iyirminci illərində bu sahədə qızğın fəaliyyət göstərib, bir neçə qəzetin baş redaktoru olub. “Qanlı sənələr” publisistik əsəri ilə ermənilərin keçən əsrin əvvəllərində Azərbaycan türklərinin başına gətirdikləri faciələri ürək yanğısı ilə təsvir edən ilk yazıçıdır. O, həmçinin 30-a yaxın dram əsərinin (“Əndəlisin son günləri”, “Teymurləng və İldırım Bəyazid”, “Dumanlı Təbriz” və s.) və bir sıra opera librettolarının müəllifidir.
Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə tədbirin təşkili üçün Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirərək, ədibin dram yaradıcılığından danışıb.
Elmi sessiyada “Tarixi və bədii həqiqət (“Qılınc və qələm” romanı əsasında)” və “Məmməd Səid Ordubadi ədəbi tənqiddə” mövzularında məruzələr dinlənilib.