Hamiliklə bağlı tədbirlər kadr hazırlığını gücləndirir - FOTOLAR
Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı da məhz bu məqsədə xidmət edir. Sərəncamın icrasının təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin “Dövlət və bələdiyyə” idarəetməsi ixtisasında təhsil alan tələbələrlə növbəti görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, görüşdə universitetin kafedra müdiri Flora Kərimova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıdığını və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verdiyini deyib.
Sonra Dövlət İmtahan Mərkəzinin sektor müdiri Zaman Bağırov “Dövlət qulluqçularına aid hüquqi məsuliyyət tədbirləri” və baş məsləhətçi Məmməd Babayev “Dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi qaydaları” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər. Tədbirin sonunda tələbələrin iştirakı ilə geniş müzakirə aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Həmin gün İmtahan Mərkəzinə hamiliyə verilmiş “Dövlət və ictimai münasibətlər” ixtisasında təhsil alan tələbələrlə də görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.