Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin Nizamnaməsi təsdiq edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bir ay müddətində tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin edəcək. Agentlik Mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq edəcək.
Əqli Mülkiyyət Agentliyi Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət edəcək və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.