Zəfər soraqlı poeziya

A- A A+

İncəsənətin növlərindən biri olan ədəbiyyat mürəkkəb məfkurə, ictimai şüur forması, varlığı duymaq, qiymətləndirmək və mənalandırmaq, onu istəyə uyğun qurmaq və dəyişmək vasitəsi, fərdi yaradıcılıq hadisəsidir. Burda “ideya personaja çevrilir” (Balzak). Bu bənzərsiz sənətdə insan psixologiyası, fikri-mənəvi aləminin mürəkkəbliyi ifadə olunur, hiss və duyğunun, arzu və düşüncənin, ətraf mühitin zənginlik və rəngbərəngliyi göstərilir. Sənətkar gerçəkliyi özünün dünyagörüşünə, fərdi yaradıcılıq konsepsiyasına, istək və arzusuna uyğun ifadə edir. İnsan müasirliyə, humanist və vətənpərvər düşüncəyə, nəcib duyğulara, gözəllik idealına istiqamətləndirilir. Onda təzə fikir, təzə ümid və təzə hisslər oyadır, çirkinlik və eybəcərlikdən çəkindirir, mübarizə aparmağı, həyatı sevməyi və yaşamağı öyrədir. Buna görə deyilib ki, “Ədəbiyyatın vəzifəsi qeyd-şərtsiz həqiqətpərəstlik, dolğunluq və namusluluq olmalıdır” (A.P.Çexov). Bu mənada “Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir” (C.Məmmədquluzadə).

Məlumdur ki, hər il martın 21-i Beynəlxalq Poeziya Günü olaraq qeyd edilir. Martın 21-i həm də Azərbaycan xalqı üçün daha əlamətdar bir gün – həyatda, düşüncədə və təfəkkürdə yeni günün başladığı, Novruz bayramının qeyd edildiyi  gündür. Bu yaz  xalqımız üçün başqa bir əhvali-ruhiyyə kəsb edən bir yazdır. Ədəbiyyatımız üçün də bu yaz yeni mövzu, yeni ruh, yeni pafos deməkdir. Ədəbiyyatımızda qələbə ilə başlayan yeni bir yaradıcılıq epoxası açılıbdır. Bəzən poeziya illərlə ciddi bir mövzu üzünə həsrət qalaraq ictimai funksiya yerinə yetirə bilmir, ədəbiyyatşünaslıq dili ilə desək, mövzusuzluqdan əziyyət çəkir, şairlərin fərdi duyğularının girdabına düşərək ilişib qalır, sadə hiss və duyğuların ətrafında dönüb-dolaşır. Bəzən isə elə mühüm bir hadisə baş verir ki, nəinki poetik inikas təlatümü baş verir, hətta onun mövzusu illərlə ədəbiyyatın başlıca məsələsinə çevrilərək ətrafında ciddi və əsl bir ədəbiyyat formalaşır. 2020-ci ilin noyabr ayında xalqımızın çoxillik vətən tarixində baş verən Qələbə - Vətən Müharibəsi Zəfəri də məhz belə bir hadisə idi. 2020-ci ilin avqust və sentyabr aylarında Ermənistan hərbi birləşmələrinin yeni torpaqlar işğal etmək məqsədilə Azərbaycanın sərhədlərini pozmaq cəhdinin qarşılığında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatına başladılar. Müzəffər, uzaqgörən Ali Baş Komandanın rəhbərliyi altında nəinki Qafqazın, hətta dünyanın ən çevik, müdafiə və hücum qüdrətli müvəffəq ordusuna çevrilmiş Azərbaycan Ordusu hər gün yeni ərazilərin işğaldan azad edilməsi müjdəsilə xalqı sevindirdi. Nəhayət, 44 gün çəkən Vətən müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiya aktına qol çəkməsilə nəticələndi. Azərbaycan xalqı üçün xüsusi mənəvi əhəmiyyət kəsb edən, müqəddəs rəmzi bir məna daşıyan Şuşanın işğaldan azad edilməsilə Zəfər müjdəsi qazanan Azərbaycan xalqının sevincinin həddi-hüdudu olmadı. Xalqımızın Zəfər bayramı illərlə kədərə bürünmüş, yasa boğulmuş, ictimai kədərin ətrafında dönüb-dolaşan ədəbiyyatın da məhvərinə çevrildi, yaradıcılıq təlatümünə səbəb oldu. Buna görə də ötən 2021-ci ildə ədəbiyyatımız üçün başlıca mövzu, ana məsələ xalqımızın Qələbə hadisəsi, Şuşa zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi missiyası, xalqımıza bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandan və qürur mənbəyimizə çevrilən igid, qəhrəman Milli Ordumuz, şəhid və qazilərimiz oldu. Bu ədəbi hadisəyə fəal qoşulan Naxçıvanın şair və yazıçıları yeni əsərlərlə gündəmə gələrək ədəbi prosesə rövnəq verdilər. 2021-ci ildə Naxçıvan ədəbi mühitində çoxsaylı poeziya örnəkləri – bədii əsərlər və kitablar ərsəyə gəldi. Naxçıvan ədəbi mühitində 2021-ci ilin poeziyası Xanəli Kərimlinin “Tanrı müjdəsi (şeirlər və poemalar)”, İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi”, Ramiz Babayevin “Salam, Şuşa (şeirlər)”, Əbülfəz Ülvinin “Mən səni içimdən qovmamışam ki (şeirlər)”, Hüseyn Bağıroğlunun “Nə yaxşı göydədir hələ göy üzü”, Təranə Arifqızının “Qarabağda 44 gün”, “Sözün bayatı rəngi”, “İçimdəki səs”,  Alməmməd Eldaroğlunun “Niyə belədir dünya”, Tural Atəşin “Tək, silahsız, yaralı”, Sürəyya Nəsibin “Mənim səndən başqa kimim olub ki”, Sabrina Gültəkinin “Şəhid Vüsalın dastanı”, “Mahnın da, adın da dastana döndü”, Rəqsanə Nəcəfovanın “İşğaldan qələbəyə 44 addım”, Rahilə Nuriyevanın “Qəlbimin sevgi harayı”,  habelə mərhum şairlər Sahib Əsgərlinin “Gedirəm özümə bir gün ağlayam”, Ələsgər Nehrəmlinin “Poemalar və məqalələr”, uzun zamandır Bakı şəhərində yaşayan istedadlı şair və alim Sərdar Zeynalın “Vətən, döyüşə başla”  kitabları  çap olundu. Vətən müharibəsində Azərbaycan xalqının qazandığı qələbə və sevincin tərənnümü ilə bağlı olan əsərlər bu kitablarda öncüllük təşkil etdi. Bu il isə ədəbi mühitin diqqətini X.Kərimlinin “Bayrağını uca qaldır, ana vətən!” lirik poeması, A.Yadigarın “Zəfər yolu” lirik poeması, İbrahim Yusifoğlunun “Zəfər nəğməsi” şeiri cəlb etdi.   

Naxçıvan yazıçılarının ağsaqqalı, tanınmış şair Asim Yadigar “Zəfər yolu” lirik poemasında Azərbaycan xalqının qələbə sevincini və qazanılan nailiyyətləri açılan Şuşa yolunun – Zəfər yolunun timsalında ümumiləşdirərək ifadə edib:

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!

Saldığın Zəfər yolu tamaşadır, tamaşa,

Bu yolu tutmalıyıq başdan-başa qumaşa.

Bu yol ata arzusu - bu yol Öndər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan şair Xanəli Kərimlinin “Tanrı müjdəsi” kitabına şairin əvvəlki illərdə yazılan şeirlərilə bərabər yeni əsərləri də daxil edilib. Kitabda yer alan “Vur, əsgərim, haqq sənin, həqiqət də sənindir”, “Tanrı müjdəsi” kimi şeirləri ilə bərabər “Bayrağını uca qaldır, ana vətən!” yeni lirik poeması da çox əlamətdar və qiymətli poetik nümunələrdəndir. Şairin  “Vur, əsgərim, haqq sənin, həqiqət də sənindir” şeiri məzmun etibarilə “Bayrağını uca qaldır, ana Vətən” poemasının məntiqi özülünü təşkil etdiyi kimi, həm də, ümumiyyətlə, 2020 və 2021-ci illərin ədəbi proseslərinə qədərki dövrü və eyni zamanda bu dövrlərdəki vəziyyəti səciyyələndirmək baxımından nümunəvidir. Şair haqq səsini qaldıraraq yazırdı:

Otuz ildir, qələmim qəzəbimdən boğulur,

Otuz ildir, ümidlər bələyində boğulur.

Otuz ildir, arzular sinələrdə dağ olur,

Otuz ildir, millətin səbri belə sovrulur.

İndi zaman dəmidir, indi Günəş doğulur,

Vur, çatlasın, əsgərim, düşmənin qan yaddaşı!..

Ucalsın enməzliyə Vətənin məğrur başı!

Bu sönməz istəyin davamı olaraq meydana gələn Zəfər xəbəri şairin “Bayrağını uca qaldır, ana vətən” poeması ilə tamamlanır. Şair poemada Azərbaycan xalqının mənəvi aləmində Qarabağın müqəddəs yerinə diqqət çəkərək onun itirilməzliyini poetik şəkildə bəhs edib, onu Azərbaycan torpaqlarının və ümumən Azərbaycan övadının “iftixarı, şərafəti, qeyrəti, baş tacı” olaraq mədh edib. Şair Azərbaycan xalqının həssasiyyət, qeyrət yerinə çevrilən Qarabağı və 44 günlük Vətən müharibəsindən sonra əldə olunan Zəfər sevincini poetik misralarla belə ifadə edir:

Qarabağım!!! Qarabağım!!! İftixarım, şərafətim, baş tacımsan!!

Azadlığım, ucalığım, enməzliyim, əbədilik amacımsan, əlacımsan.

Səndən ötrü qan tökmüşük tarix boyu nəsil-nəsil, fəsil-fəsil,

Səndən ötrü qan tökürük bu gün də biz şəhid-şəhid, əsil-əsil.

2021-ci ildə poeziya örnəkləri ilə zəngin çoxsaylı kitablar sırasında istedadlı qələm sahibi Ramiz Babayevin “Salam, Şuşa” adlı şeirlər kitabı da var. Vətənə məhəbbət və Zəfər Günündən doğan hisslərin tərənnüm kitabdakı “Mənim qalib komandanım”, “Ey Vətən, qələbə günün mübarək”, “Xoş gəldin, Şuşam” kimi şeirləri daha yaddaqalandır və oxucuda qələbə və məğrurluq hisslərini oyadır. Kitabda “Mənim qalib komandanım”, “Ey Vətən, qələbə günün mübarək”, “Xoş gəldin, Şuşam”, “Sizi qovacağıq iti qovantək”, “Ağ atlı oğlan”, “Haydı, irəli, qardaş”, “Əsgər marşı”, “Əsgər məktubu”, “Şəhid anası”, “Ölməz şəhidlər” və digər şeirlər Vətənin bütövlük və birlik ideallarından irəli gələn duyğuları özündə ifadə edir. “Mənim qalib Komandanım” şeirində Azərbaycan xalqına uzaqgörənliyi ilə müzəffərlik, qalibiyyət bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Qələbə əzmli Ali Baş Komandan İlham Əliyevə həsr olunub, ona olan ümumxalq sevgisi poetik ifadəsini tapıb:

Vətənimin vuran qolu,

Uzaqgörən, məğrur, ulu!

Heydərimin İlham oğlu,

Mənim qalib Komandanım!

Naxçıvan ədəbi mühitinin istedadlı və zəhmətkeş qələm sahiblərindən olan Əbülfəz Ülvinin də 2021-ci ildə nəşr olunan “Mən səni içimdən qovmamışam ki” şeirlər kitabında ilk sıraları məhz Vətənin – doğma Naxçıvanın əsrarəngiz gözəllikləri, onun gözalmaz hüsnü və tərənnümü tutmaqdadır. Kitabda şairin “Elə füsunkarlıq vardır”, “Dağların”, “Dəmir yumruq” kimi şeirlərində vətənin hüsn və gözəlliklərinin tərənnümü, o cümlədən xalqın birliyi və ərazi bütövlüyü uğrunda mücadiləsi kimi ictimai-siyasi məzmunlu əsərləri diqqəti cəlb edir. “Elə füsunkarlıq vardır” şeirində ana vətənin bir dilbər guşəsi olan Naxçıvanın hüsn-camalı çox məharətlə vəsf edilir:

Bilirlər olanlar Naxçıvanımda,
Bu yurdu görənlər necə şad olur.
Elə bil burada insan qanında
Sevgi, xeyirxahlıq ikiqat olur.

“Əsl dostluğun rəmzi”, “Dəmir yumruq”, “Xalqın bir xahişi var” şeirləri Qələbə əzmli Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəyə həsr edilib. Şairin “Şuşa dağları” şeiri də Azərbaycan xalqı üçün Şuşanın qədir-qiymətini əks etdirən bir əsər olaraq yaxşı yazılıb. “Sənin payın” adlandırılan şeirdə isə Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə xalqa xitabının üslubu üzərində qurularaq əzbərlərə çevrilmiş müxtəlif yumoristik-sarkastik ifadələrdən istifadə edilməklə yazılıb.

Təranə Arifqızının “Qarabağda 44 gün”, “Sözün bayatı rəngi”, “İçimdəki səs” kimi şeirlər kitabları da 2021-ci ilin maraqlı örnəklərindəndir. Gənc şairənin “Qarabağda 44 gün” kitabındakı “Qarabağı ürəyimdə gətirmişəm”, “İrəli, Ordum mənim”, “Zəfər nəğmələri yazılır indi”, “Əsgər qardaşıma”, “Gözün aydın, Qarabağım, qayıtdıq” və başqa şeirlərində Azərbaycan xalqının işğal edilən torpaqlarının həsrəti, qələbə nigarançılığı ilə bərabər, 2020-ci ilin Zəfəri, Azərbaycanın Müzəffər Ali Baş Komandanı və Milli Ordusunun şücaəti, qələbə əzmkarlığı və s. poetik pafosla tərənnüm edilib. “Qarabağı ürəyimdə gətirmişəm” şeirində Ali Baş Komandanın döyüş əmri ətrafında birlik nümayiş etdirən xalqın mübarizə həmrəyliyi uğurla ifadə edilib.

Gənc şair Sabrina Gültəkinin böyük həvəs və istedadla yazdığı “Şəhid Vüsalın dastanı” əsəri Vətən müharibəsi qəhrəmanı, həmyerlimiz şəhid mayor Vüsal Vəliyevə həsr olunub. Əsərdə şəhid zabitimizin həyat yolu və mübarizəsi uğurla əks olunub. Sabrina Gültəkinin ikinci “Mahnın da, adın da dastana döndü” kitabına Vətən müharibəsi şəhidi, oxuduğu təsniflə yaddaqalan və xalqın əziz xatirəsinə dönən şəhid Xudayara həsr olunmuş eyniadlı poema və “Azərbaycan”, “Naxçıvan”, “Vətən oğulları”, “Naməlum əsgər”, “Vur, Vüsal, vur”, “Ana vətənim” şeirləri daxil edilib.

Uzun zamandır Bakı şəhərində yaşayan istedadlı şair və alim Sərdar Zeynalın “Vətən, döyüşə başla” kitabında şairin “Azad vətən, qazanmışıq” şeiri Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbəyə həsr olnumuş, otuz illik kədəri ürəklərdən silən böyük Zəfər duyğuları tərənnüm edilib.

2021-ci ildə Naxçıvan ədəbi mühiti şairlərinin - İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi”, Alməmməd Eldaroğlunun “Niyə belədir dünya”, Hüseyn Bağıroğlunun “Nə yaxşı göydədir hələ göy üzü”, Təranə Arifqızının “Sözün bayatı rəngi”, “İçimdəki səs”,  Tural Atəşin “Tək, silahsız, yaralı”, Sürəyya Nəsibin “Mənim səndən başqa kimim olub ki”, Rahilə Nuriyevanın “Qəlbimin sevgi harayı” kimi kitablarında fərdi insani duyğuların, düşüncə və ovqatın tərənnümü, lirik bədii əksi yer alıb. Naxçıvanın istedadlı qələm sahiblərindən olan Rövşən Hüseynovun “Çıraq işığından başlanan yüksəliş yolu” adlı kitabında bir sıra publisistik məqalələri ilə birgə, Naxçıvanda özünü təzahür etdirən sürətli inkişaf, tərəqqi və yüksəlişin insanlara qazandırdığı xoş əhvali-ruhiyyə və razılıq duyğularının tərənnümü, gözəllik və mənəvi zənginliyin vəsfi yer alıb. Habelə mərhum şairlər Sahib Əsgərlinin “Gedirəm özümə bir gün ağlayam” və Ələsgər Nehrəmlinin “Poemalar və məqalələr” kitablarında mərhum şairlərimizin əvvəlki illərdə yazılmış əsərləri toplanaraq oxucu ünvanına çatdırılıb.

 

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: