STEAM kabinələrinə və “Texniki Servis Mərkəzi” MMC-yə yeni avadanlıqlar alınıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən martın 29-da təhsil müəssisələrinin STEAM kabinələri və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün alınan yeni avadanlıqların təqdimatı keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulur.
Təhsil naziri qeyd edib ki, təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 325-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə STEAM metodologiyasına aid təlimlər keçirilib, bu təhsil metodunun tətbiqi üçün STEAM tədris proqramı və tədris vəsaitləri hazırlanıb.
Nazir bildirib ki, bugünədək 56 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Əlavə 50 ümumtəhsil məktəbində isə STEAM kabinələrinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, həmin məktəblərin STEAM kabinələri üçün yeni avadanlıqlar alınıb. Bu STEAM avadanlıqları təhsil müəssisələrində STEAM təhsil metodunun yüksək səviyyədə tətbiqinə geniş imkanlar açacaqdır. Bu layihənin icrası ümumtəhsil məktəblərində 22 mindən çox şagirdin STEAM təhsilindən yararlanmasına şərait yaradacaqdır.
Təhsil naziri STEAM kabinələrinin imkanlarından düzgün istifadə olunmasının, texnologiya dərslərinin STEAM kabinələrində tədrisinin diqqətdə saxlanılmasının, dərsləri tədris edən müəllimlərin mütəmadi olaraq öz üzərində işləmələrinin zəruriliyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində bu gün muxtar respublikanın ümumtəhsil müəssisələrinin müasir texniki avadanlıqlarla təhcizatı da diqqətdə saxlanılır. Elə bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində təsis edilmiş “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə də ümumtəhsil məktəblərindəki elektron lövhə və komputerlərə texniki dəstək göstərmək məqsədilə yeni avadanlıqlar alınıb.
Rəhman Məmmədov təhsilə göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra təhsil müəssisələrinin STEAM kabinələri və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün alınmış avadanlıqlara baxış olub.
Nazir alınan yeni avadanlıqlardan səmərəli istifadə olunması ilə bağlı tapşırıq verib.