Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olmuş, bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirildi.
1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir.
1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.
1918-ci il 9 martda Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün, general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdi. (Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdi). General Talışinski Bakıya gəlmədən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdı:
Hörmətli yoldaş Şaumyan:
“Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostlara xoş arzular və salamlar”.
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs olunurlar.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuş, bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərmişlər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində yanvar ayında qırğın törətmək planı baş tutmayan ermənilər məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərk-silah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərk-silah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərərək, 1918-ci ilin martında cinayətkar planı həyata keçiriblər. Bu məqsədlə təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilib,"Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət olub.
İlk həyəcanlı xəbərlər mart ayının əvvəllərində Şamaxı şəhərindən gəlir. Yaxşı silahlanmış ermənilər şəhərdə və kəndlərdə əsl qətliamlar, insanlığa yaraşmayan vəhşiliklər törədirdilər. Şahidlərin yazdıqlarına görə, ermənilər evlərə soxulur, talançılıq edir, uşağa, qocaya, qadına aman vermir, hamını güllədən keçirirdilər. Həmin günlərdə təxminən 7 min azərbaycanlının həyatına son qoyulub. Martın 30-da isə Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılıb. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər". Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Bakı" qəzetlərinin redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir". Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı 30 minə yaxın adam öldürüldü. Daşnakların azərbaycanlılara qarşı soyqırımı qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da törədildi. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırıldı, əhalisi məhv edildi. 1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edildi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.
1918-ci ilin mart ayında 10 minlik erməni ordusu Naxçıvanda da kütləvi qırğınlar törədir. S.Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olmuş ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutmuşdur. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı kəndinin əhalisinə divan tutulmuş, kənd viran qoyulmuşdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılmış və Ordubadda 2000 türk-müsəlman əhali qətlə yetirilmişdir. Qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, əli yalın insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları yırtılmış və başqa insanlığa sığmayan işgəncələr verilmişdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulmuşdur. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətdilər. Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yapon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salmış, təxminən 200 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdır. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etmişdir. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətmişdir. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınmış, Dəmirçi kəndi dağıdılaraq qarət olunmuş, 60 nəfər həbs edilərək İrəvana göndərilmiş, 200 nəfər Arazı keçmək istərkən çayda boğulmuşdur. Yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşan erməni hərbi hissəsi geri çəkilməyə məcbur olmuşdur. Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk vaxtlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdir. Erməni silahlı Qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilmiş vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdır: Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşi ilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir. Bütövlükdə, 1918-1921-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilib. 1998-ci ildən bəri respublikamızda 31 Mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 ildən artıq ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.
Bu faciənin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün Azərbaycan Respublikası ictimai-siyasi birliklər, ictimai təşkilatlar, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik.
Hər kəsə məlum olduğu kimi 2020-ci ilin sonlarında Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan dövlətinin hərbi-siyasi tarixinin şanlı səhifəsi yazıldı. Böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı son 2 əsrlik tarixində ərazi bütövlüyünü bərpa edərək uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün qızıl hərflərlə yazılmış tarixi bir gün oldu.
Tarixi qələbə qazanan ordumuz erməni faciəsi nəticəsində həlak olmuş günahsız qurbanlarının qisasını aldı. Həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Arzu Abdullayev
NDU Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru