“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”ndə 505 şagirdin 1812 əl işi nümayiş olunub - FOTOLAR
Martın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib. Tədbirə müsabiqənin qalibləri ilə yanaşı Naxçıvan Şəhər ümumtəhsil məktəblərində təcrübə keçən Təsviri-incəsənət ixtisasının tələbələri də dəvət olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir. Yaradılan şəraitdən səmərəli istifadə olunaraq yaradıcı təfəkkürü və xüsusi istedadı ilə seçilən şagirdlərin üzə çıxarılması istiqamətində bir sıra müxtəlif tədbirlər, müsabiqələr və layihələr təşkil edilir. “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” də muxtar respublikada xüsusi qabiliyyəti ilə seçilən məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır.
Rəhman Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilindən keçirilən “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına mühüm stimul oldu. Nazir bildirib ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 505 şagirdin müxtəlif mövzularda - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər mövzularda 1812 əl işi nümayiş olunub. Şagirdlərin təqdim etdikləri sənət əsərləri arasında maraqlı, baxımlı, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi və təsviri sənət əsərləri az deyil.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva belə müsabiqələrin, ümumilikdə, qeyri-adi istedada malik yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov və mərkəzin dərnək üzvü, müsabiqənin təsviri sənət üzrə I yerin qalibi Nərmin Ələkbərova çıxış edərək muxtar respublikada şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün görülən işlərdən bəhs edib, bu sahəyə göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonra müsabiqənin şərtlərinə uyğun olaraq yekun mərhələdə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, iki II, üç III və altı həvəsləndirici yer olmaqla, ümumilikdə 22 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Sonda müsabiqəyə təqdim edilən əl işlərindən ibarət sərgiyə baxış olub.
Qeyd edək ki, sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib.