Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texnik Universiteti arasında birgə əməkdaşlığa dair protokol imzalanıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi Naxçıvan Dövlət Universitetinə gəliblər. Ali təhsil ocağında qarşılama mərasimindən sonra qonaqlar universitetin Konservatoriyasında olublar. Qonaqlar fakültənin bazasında mövcud olan İnstrumental ifaçılığın Fortepiano, Simli alətlər, Nəfəs alətləri, Solo oxuma ixtisasları üzrə tələbələrin dərsində olub, onların yüksək həvəslə təqdim etdikləri musiqi nömrələrini izləyiblər. Türkiyəli qonaqlar Litva respublikasından alınan və ilk dəfə ali təhsil ocağında qurulan elektron filarmoniya avadanlığının fəaliyyətini xüsusi heyranlıqla qarşılayıblar. Bildirilib ki, optik internet vasitəsilə idarə olunan avadanlıqla eyni zamanda 2 fərqli ölkədə konsert yayımlamaq mümkündür. Görüşdə gələcəkdə birgə konsertlərin keçirilməsi barədə razılığa gəlinib. Qonaqlar müəllim və tələbələrdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblının ifalarını dinləyib, tələbələrin dərs prosesini izləyiblər. Fakültənin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, zərgərlik məmulatları, heykəltaraşlıq, taxta üzrəində oyma və yandırma üsulu ilə yerinə yetirilən sənət əsərləri qonaqların zövqünü oxşayıb.
İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Ötən il İstanbul Texniki Universiteti ilə qarşılıqlı görüşlərdən sonra bugünkü görüşün xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə Universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Qardaş ölkənin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Elbrus İsayev Türkiyə Universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib. Universitetdə ümumilikdə 8000-ə qədər tələbənin təhsil aldığını diqqətə çatdıran rektor ali təhsil ocağında 9 ölkədən 1500-ə yaxın əcnəbi tələbənin də təhsil aldığını qeyd edib. Bildirilib ki, geniş profilli və müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən universitetdə 43 kafedra istiqamətində 70 ixtisas üzrə kadr hazırlığı aparılır. Professor-müəllim heyəti isə 16 elmi-istiqamət olmaqla 42 problemin həlli üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.
İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu qeyd edib ki, 1773-cü ildə yaradılan və dünyanın mühəndis hazırlayan ilk universiteti kimi tarixə düşən İstanbul Texnik Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb. Universitetin prorektoru, professor Lütfiyə Durak Ata Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyinin danılmaz olduğunu dilə gətirib. Vurğulanıb ki, İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir. Bildirilib ki, hazırda İstanbul Texniki Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institutu fəaliyyət göstərir. Ali təhsil müəssisəsində inşaat, gəmi inşaatı və dənizçilik elmləri, memarlıq, texniki elmlər, maşınqayırma, elektrik və elektronika, mədən, dənizçilik, kimya-metallurgiya, kompüter elmləri, idarəetmə, aviasiya və kosmik elmlər, sənaye texnologiyaları və idarə edilməsi fakültələri, informasiya texnologiyaları, Avrasiya geologiyası elmləri, enerji, texniki elmlər, sosial elmlər, zəlzələ mühəndisliyi və fövqəladə halların idarə edilməsi üzrə institutlar mövcuddur.
Görüşdə Texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Süni intellekt texnologiyaları üzrə müəllimlərin Naxçıvan Dövlət Universitetinə dəvət olunması, tələbələrin bu sahə üzrə təcrübi bazaya yiyələnməsi müzakirə edilən əsas məsələlərdən olub. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb. Müqavilədə elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, incəsənət və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Hər iki universitetin rektorları qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Hər iki universitet rektorlarının iştirakı ilə birgə protokol imzalanıb.
Sonra universitetdə fəaliyyətə başlayacaq Texnopark binasında olan qonaqlara məlumat verilib ki, yeni qurulacaq texnoparkda Energetika, Coğrafiya, Gülkarlıq, Tingçilik, Hovuz, Üzümçülük, Meliorasiya, Arıçılıq, Aqronomluq sahəsi, Biopark, Texnopark binası, Nəbatət bağı, Kənd təsərrüfatı və Tədris otaqları və Sərgi sahəsi fəaliyyət göstərəcəkdir. Vurğulanıb ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət nəzərdə tutulan binada texnoservis mərkəzi, nano araşdırmalar mərkəzi, proqramlaşdırma və avtomatlaşdırma otağı, biotexnologiyalar mərkəzi, prototip mərkəzi, Şərur sənaye məhəlləsi, Naxçıvan Məhsulları, Microsoft şirkətinin ofisi, Naxtel 4G operatorunun ofisi, CİSCO, KOİCA şirkətinin ofisi, Bakunity şirkətinin ofisi, digər gələcək rezident şirkətlər üçün ofislər nəzərdə tutulub. Həmçinin burada İnnovasiya, Layihələrin əlaqələndirilməsi, İnformasiya Texnologiyaları xidmətləri, Süni intellekt elmi tədqiqat, Startap mərkəzləri İncəsənət, Dizayn və Memarlıq layihələri xidməti, Elektronika otağı, Biznes inkubatoru, İdeya bankı, Co-working mərkəzi, Biopark binasında isə Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri istehsalı ilə əlaqədar laboratoriya, Arı mayalandırma, barama yetişdirmə sahəsi, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri nəzərdə tutulub.
Naxçıvan Musiqi Kollecində qonaqlar tələbələrin milli musiqi alətlərimizdən tar, kamança, qarmon ifalarını dinləyib, “Uzundərə” milli rəqsimizi həvəslə izləyiblər. Sonra kollecin akt zalında müəllim və tələbələrin birgə hazırladığı konsert proqramı nümayiş olunub. Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, milli musiqi alətlərimizin müşayiəti ilə konsert proqramını yüksək zövqlə dinləyiblər. Kollecin direktoru Məhəbbət Babayeva İstanbul Texnik Universitetinin rektoruna ən qədim milli zərb alətimiz olan qaval hədiyyə edib.
Universitetin Konservatoriyasında müəllim və tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. Qeyd edək ki, tamaşanın bədii rəhbər və quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti, dosent Mübariz Əsgərov, dirijoru Azərbaycan Respublikasının Xalq artisti, professor Çingiz Axundov, quruluşçu rəssamı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov olan tamaşa türkiyəli qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Axşam təşkil edilən konsert proqramında konservatoriyanın önündə qonaqlar Orkestr alətləri və dirijorluq kafedrasının nəzdində fəaliyyət göstərən Nəfəsli orkestr ansamblının ifasında “Mehtər marşı”nı dinləyiblər.
Konservatoriyanın və Musiqi Kollecinin birgə səyi nəticəsində axşam saatlarında təşkil edilən konsert proqramına Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, prorektor Hicabi Kırlangıç, Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, Xarici əlaqələr bölməsinin müdiri, professor İhsan Kalanderoğlu da qatılıb. Qonaqlar öncə fakültənin sərgi salonunda təşkil edilən sərgiyə baxıblar. Xalq çalğı alətləri kafedrasının təşkilatçılığı ilə musiqi nömrələri dinləyiblər. Fakültənin akt zalında təşkil olunan konsert proqramında M. Maqomayevin “Azərbaycan”, Azərbaycan xalq mahnısı “Laçın”, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” mahnılarla bərabər Motsartın “Türk marşı”, “Yasemen türküsü”, Zülfü Livanellinin “Günəş topla mənim üçün” və digər mahnı və musiqilər səsləndirilib. Hər iki qardaş ölkənin ən gözəl milli mahnısına çevrilmiş “Azərbaycan Türkiyə” musiqisi konsert iştirakçılarının ruhunu oxşayıb.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri