AMEA Naxçıvan Bölməsində 31 Mart soyqırımı ilə bağlı konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycanlılara qarşı soyqırım siyasəti: səbəbləri və nəticələri” mövzusunda keçirilən konfransda əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi yad edilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Gülüstan və Türkmənçay müqavilələri ilə əzəli Azərbaycan torpaqlarının iki dövlət arasında bölüşdürülməsindən, bu ərazilərə ermənilərin köçürülməsindən sonra ermənilər torpaqlarımızın zəbt edilməsi üçün mübarizəyə başlayıblar. 1918-ci ilin 31 martında isə azərbaycanlılara qarşı olan ən dəhşətli soyqırımı törədilib. Həmin tarixdə Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində də dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar olub, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış yerləri talan edilib.
Qeyd olunub ki, 1918-1920-ci illərdə aparılan soyqırım siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib. Naxçıvanda dəhşətli vəhşiliklər törədən ermənilər 80-dən artıq kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetirib. Ermənilərin 1918-ci ildə respublikamızda soydaşlarımızı qətlə yetirərək etnik təmizləmə siyasəti həyata keçirməsinin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb. Azərbaycan tarixinə işıq salan bu tarixi sənəd erməni vandalizmini ifşa etməklə yanaşı, çoxsaylı tədqiqatların aparılmasına, beynəlxalq aləmdə təbliği məsələlərinə də səbəb olub. Fərmana uyğun olaraq, hər il ölkəmizdə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur.
Konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırım cinayətləri və onları mahiyyəti”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “1918-20-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi faciələr”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından deportasiyası və onun faciəvi nəticələri” mövzularında çıxışları dinlənilib.
Mədinə Rəhimli