1 Aprel - Beynəlxalq Quşlar Günü - FOTOLAR
Quşlar təkmilləşmiş quruluşuna, geniş yayılmasına, çox hərəkətli olmasına və maddələr mübadiləsinin intensivliyinə görə təbiətin ümumi balansında böyük rol oynayır, cəmiyyətin davamlı inkişafına təsir edirlər.
Dünyada 1 aprel Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.
Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən "İnsan və Biosfer" başlığı altında keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır.
Ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Ölkəmizdə qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Respublikamızda yaşayan 72 növ quş Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib. Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitab”ında yer alıb.
Naxçıvan MR ərazisində 18 dəstə, 51 fəsilə və 147 cinsə daxil olan 265 quş növü yayılmışdır. Ərazidə günü-gündən artan antropogen amillər və xüsusilə son onilliklər ərzində yaradılmış iri su anbarları ornitofaunaya da əsaslı təsir göstərmiş, xeyli miqdarda su-bataqlıq quşlarının məskunlaşmasına səbəb olmuşdur. Muxtar Respublikada ova qoyulan qadağalar və qorunmanın düzgün təşkili nəticəsində quşların sayında xeyli dərəcədə artım müşahidə olunur.
Muxtar respublikada quş növlərinin hamısına həmişə rast gəlinmir. Bəzilərinə hətta 100 ildə bir dəfə rast gəlinir, amma qayda ilə onlar siyahıya salınır. Ərazidə su-bataqlıq quşları da geniş yayılmışdır. Muxtar respublikada olan su-bataqlıq quşlarından ən çox yayılmış növlər Leyləkkimilər (Ciconiiformes), Qazkimilər (Anseriformes), Durnakimilər (Gruiformes) və Cüllütkimilər (Charadriiformes) dəstəsindən olan növlərdir.
Quşlar təbiətin incisidir. Biz həm təbiətimizi, həm də təbiətimizin bu gözəl incilərini daima qorumalıyıq.
Hüseyn Rəsulzadə
AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin elmi işçisi