Hər son bir başlanğıcdır

A- A A+

Üç il əvvəl ürək dolusu sevinclə, bir az da kədərlə məktəbə əlvida deyib universitet həyatına qədəm qoyduq. Necə deyərlər, yepyeni- təhsil qayğıları, oxumaq, daha da mükəmməlləşmək istəyi ilə dolu bir həyatımız başladı. Bu həyatın ilk günlərinin qəhrəmanları da, təbii ki, yeni insanlar, tanımadığımız şəhər, ilk baxışdan bizə qaşqabaqlı və yad kimi görünsə də, bircə təbəssümü, səmimi söhbəti ilə doğmalarımıza çevrilən müəllim kollektivi, onların qarşısında eyni hissləri bölüşdüyümüz tələbə yoldaşlarımız oldu. Bu günün gerçəkliyindən dünənə dönüb baxanda görürsən ki, çox tez ötüb keçdi universitet həyatının ağuşundakı bu qaynar üç il. Bu üç il bu günə qədər yaşadığımız həyatın ən maraqlı illəridir. Ona görə də onlara təəssüflənmir, əksinə qürur və sevinclə xatırlayırıq. Axı hər bir gəncin və gəncliyin ən böyük arzusu olan tələbə adını məmnuniyyətlə daşımışıq bu illərdə. Amma dilimizə gətirmək istəməsək də, bu il universitetdə tələbə adını daşıdığımız sonuncu ildir. Elə bu günün pəncərəsindən ötüb keçmişə baxmaqla özümə sanki bir hesabat vermək istədim. Etiraf edim ki, mənə qəriblik hissi yaşatmayan doğma diyar Naxçıvanın qoynunda keçirdiyim bu təhsil həyatı çox doğma anlar, xatirələr və yaşanan tələbə qayğıları ilə mənim üçün doğmadır. Yəqin ki, ömrümə qızıl hərflərlə həkk olundu bu illər. Səbəbi isə doğma Naxçıvan Dövlət Universitetində qarşılaşdığım və sözün əsl mənasında, ürəkaçan mənzərə oldu. İlk növbədə universitetin kollektivi çox mehriban və qayğıkeş müəllimlər, pedaqoqlardan təşkil olunduğu üçün insan özünü az bir zamanda bu təhsil ocağının bir üzvü hesab edir. Müəllimlərimizin peşəkarlığı, savadı, dünyagörüşü, tədris etdikləri nəzəri və praktiki dərslər, eyni zamanda həyatın enişli-yoxuşlu yollarında büdrəmədən, yıxılmadan, inamla yerimək üçün verdiyi məsləhətlər əbədi həkk olundu yaddaşıma. Bir sözlə, gözlədiyimdən daha fərqli bir universitet həyatı, uşaqlıq arzum olan jurnalistikanın sirlərini gənclərə öyrədən “Jurnalistika” ixtisasının NDU-da daha fərqli yer alması, tələbə jurnalistlərə yaradılan şərait, Media Mərkəzi, nəşriyyat, “Nuhçıxan” radiosu, peşəkar olmaq üçün atılan hər addım bir ömür unutmayacağım faktlardır. Universitetimizdə fəaliyyət göstərən və Azərbaycan universitetləri arasında ilk dəfə bu qədər peşəkarlıqla təşkil edilən Media mərkəzi haqqında ayrıca danışmaq istəyirəm. Bu yerin qapıları hər zaman biz tələbələrin üzünə açıq olub. Təkcə tələbə-jurnalistlərin deyil, özünü jurnalist kimi görmək istəyən və bu sahədə istedadı olan hər bir tələbənin üzünə açıqdır bu məkan. Peşəkar televiziya və radiolar üçün nəzərdə tutulan avadanlıqların quraşdırıldığı bu tədris-təcrübə mərkəzi az bir zamanda tələbəyə bu sahənin bütün incəlikləri ilə tanış olmaq və bacarıqlarını tətbiq etmək imkanı yaradır. Bu mərkəzin sayəsində artıq Naxçıvan Dövlət Universitetinin televiziyası və radiosu muxtar respublika hüdudlarında öz verilişlərini yayımlayır. Elə mən də digər jurnalist həmkarlarım kimi ilk verilişimi universitetin Media mərkəzində hazırlayıb təqdim etdim. Bu da tələbəlik illərində unutmadığım ən gözəl bir gündür. Bu gün mənim bir jurnalist kimi arzularımın çin olduğu məqam idi. Bunu isə mənə universitetim yaratdı. Təbii ki, bu işdə müəllimlərimin rolu danılmazdır. Media mərkəzində rəhbərimiz olan Səadət Əliyevanın dəstəyi ilə uşaqlıq arzum olan aparıcılıq hissini yaşadım. Hələ də maraqlı və olduqca qürurverici məqam odur ki, müəllimlərimiz bizə heç vaxt "bacarmırsan” demədi, əksinə hər səhvimdə "bacaracaqsan" deyərək ürək-dirək verdilər... Hələ qarşıda mənim üçün sonuncu kurs olsa da, bir tədris ili dayanır. Bu il də sözsüz ki, biz tələbələr üçün çox faydalı olacaq. Qazandığımız təcrübələrin üzərinə yeni bilik və vərdişlərin əlavə olunması ilə biz öz sahəmizdə bir qədər də irəliyə gedə biləcəyik. Bu təkcə jurnalist tələbələrə aid deyil. Çünki universitetimizdə aparılan məqsədyönlü işlərin nəticəsində bütün sahələr üzrə tələbələrə yetərincə şərait yaradılıb. Bu gün Naxçıvan Dövlət Universitetində oxuyan hər bir tələbə təkcə nəzəri bilik almır, onlar üçün təcrübi vərdişlərin də əldə edilməsi üçün əhəmiyyətli addımlar atılıb. Nəticədə isə universiteti bitirən gənclər cəmiyyətə universitet partası arxasından yenicə qalxan tələbə kimi deyil, öz sahəsi üzrə təməl biliklə yanaşı təcrübəyə də sahib olan mütəxəssis kimi inteqrasiya olunur. Artıq hər birimizin bildiyi kimi NDU 55 ildir yaranıb. Bu illər ərzində öz sözünü deyən və daim yenilənən, müasirləşən universitetimizin dünyanın ən yaxşı universitetləri sırasında yer alması da görülən işlərin məntiqi nəticəsidir. Bu qədər uğurlar qazanan və öz adını dünyanın tanınmış, hətta yüz illik ənənəsi olan təhsil ocaqları ilə eyni sıraya yazdırmağı bacaran universitetdən bir tələbə kimi ayrılmaq bir qədər mənim üçün üzücüdür. Amma NDU-da tələbəliyim bu tədris ili ilə yekunlaşsa da, biz çalışdığımız hər bir yerdə və addımladığımız yolda bir peşəkar NDU ilə davam edəcəyik. Axı hər son bir başlanğıcdır...!

Aygün Hüseynova

4-cü kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: