Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 10-da keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in internet saytından çap edə bilərlər. Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsini;
- təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- imtahana buraxılış vərəqəsini;
- sağlamlıq haqqında bəyannaməni.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə Mərkəzin saytında tanış olmaq mümkündür.