Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində“Mütaliə aylığı” elan edildi - FOTOLAR
Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu məqsədlə aprelin 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənib, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunub, fondu zənginləşdirilib, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilib.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Ümumtəhsil məktəblərinin kitabxanalarında oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
Qeyd olunub ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyat nümunələrinin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Bunun üçün şagirdlərlə məqsədyönlü maarifləndirmə işlərinin aparılmasına, “Oxunması zəruri olan kitablar”ın mütaliəsinə, şagirdlərdə oxu vərdişlərinin yaradılmasına diqqət artırılmalı, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlərə mütaliə mədəniyyətini, ədəbiyyatlardan müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığını aşılamalıdırlar.
Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrində şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Bu ay çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçiriləcəkdir.
Sonra tədbirdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Asudə Məmmədova “Şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında məktəbin qarşısında duran vəzifələr”, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin kitabxana müdiri Tükəz Əliyeva “Şagirdlər arasında mütaliyəyə marağın yaradılmasında məktəb kitabxanasının rolu”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ramiyə Abbasova “Oxunması zəruri olan kitablar”in mütaliə mədəniyyətinin formalaşması mövzusunda çıxış edib, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.