Oxunması zəruri olan kitablardan biri...

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti  böyükdür. Bu kitablar yeniyetmə və gənclərin şüurlu həyat yaşamasına, peşə istiqamətini düzgün istiqamətləndirməsinə kömək edir. İnsana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunun aşılanmasına kömək edən  belə kitabladan biri də “Pedaqoji fikir tarixindən” kitabıdır.

Kitabda dünya xalqlarının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanıb. Bu mənəvi, əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək pedaqoji fikir tarixində ciddi problemlərdən biri olub. Çünki yeni pedaqoji fikir keçmişin mütərəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də təlim və tərbiyənin yeni konsepsiyasını, inkişaf tendensiyasını müəyyənləşdirməyə çalışan pedaqoji fikir tarixçiləri (K.D.Uşinski, A.O.Çernyayevski, V.A.Suxomlinski, M.Qorki, A.Linkoln, M.A.Şahtaxtlı, M.T.Sidqi, E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi, N.Nərimanov, H.Cavid və b.) pedaqoji irsdəki qabaqcıl ideya, fikir və təcrübələri ailəyə, məktəbə, ictimaiyyətə gətirməyi qarşılarına məqsəd qoyublar.

Maarifçiliyin formalaşma və inkişafında özünəməxsus xidmətləri olan görkəmli söz sahibləri təhsilin prinsipləri, tərbiyə üsulları, əxlaq, vətənpərvərlik, mənəviyyat, bədii zövq və s. kimi zəruri məsələlərdən bəhs ediblər. Onların qarşısına qoyduğu əsas məqsəd xalqı maarifləndirmək, “bəsirət sahibi etmək” və uşaq tərbiyə etmək ideyası olub.

Yeddi il sürgün həyatı yaşamış və Roma imperatoru Neronun müəllimi olmuş görkəmli filosof Seneka (e.ə. 4-65) şəxsi təcrübəsi əsasına söykənərək yazır ki, “nümunələr yolu yaxın və gerçəkdir, nəsihətlər yolu isə uzaq və qeyri-həqiqətdir”. Çünki uşaqların mücərrəd təfəkkürləri tam formalaşmadığına görə və yaxud həyat təcrübələri bəsit olduğuna görə görüb-götürməyə, təqlidə daha çox meyiledici olurlar. Bu baxımdan, tərbiyəçilər (valideynlər, müəllimlər və b.) əqli-idrak təfəkkürləri ilə uşaqlara və eləcə də məktəb şagirdlərinə əyani nümunə olmalıdırlar. Bilməlidirlər ki, onların hər bir işi və əməli təsir vasitəsidir.

“Pedaqoji fikir tarixindən” adlı əsərin ilk səhifəsi ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun (Uilyam Linkoln) müəlliminə yazdığı əxlaq kodeksi daşıyan məktubla başlayır. Məktubda oxuyuruq ki, ata məktəb həyatının ilk günündən oğlunu müəllimə əmanət edir. Ata istəyir ki, müəllim oğluna dürüstlüyü və ədalətli olmağı öyrətsin. Ona qısqanclığın pis bir mərəz olduğunu anlatsın. Müəllimdən “oğluna səssiz gülüşün sirlərini” öyrətməyi və həmçinin ona “kitabları sevməyi, kitabların möcüzəli bir nemət olduğunu” aşılamağı arzulayır. Avraam Linkoln müəllimdən oğlunun təbiətə vurğun olmasını sevdirməyi istəyir. İstəyir ki, oğlu təklikdə olan zaman göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi bacarsın. Ata müəllimdən oğluna məktəbdə səhv etməyin hiylə işlətməkdən daha şərəfli olduğunu bildirməyi istəyir. Ata məktubda yazır ki, oğluma öyrət, fikrinin üstündə möhkəm olsun, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olsun. Oğluma bildir ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. Linkoln yazır ki, oğluma insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaxşıları özünə götürməyi və həmçinin kədərləndiyi zaman necə gülə biləcəyini öyrət. Bütün bunlarla yanaşı, Linkoln istəyir ki, müəllim oğluna əgər oğlu haqlıdırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı, səbrsiz olacaq qədər cəsarətə sahib olmağı, cəsur olacaq qədər səbrli olmağı öyrətsin. Linkoln istəyir ki, müəllim oğluna özünə inamı öyrətsin, çünki özünə inam olarsa bu yolla onun bəşəriyyətə də inamı daim olacaqdır. Sonda, oğluna qarşı müəllimin mehriban olmasını istəyir.

Göründüyü kimi, atanın (və ya valideynin) oğlunu əmanət etdiyi müəllim təbii ki, vətənpərvər, mənəviyyatı təmiz, əxlaqı saf, təlim-tərbiyə fəaliyyətində pedaqoji biliyə dərindən yiyələnən, uşaqlarla humanist münasibət quran, səlis və aydın nitqə sahib və sair yüksək keyfiyyətlərə malik nümunə olacaq bir örnəkdir.

Müəllimin rolu təkcə dərs demək və tərbiyə etməklə məhdudlaşmır. Onun cəmiyyətdə rolu böyükdür. Böyük rus pedaqoqu K.D.Uşinski bu münasibətlə yazırdı: “Əgər biz həkimlərə sağlamlığımızı etibar ediriksə, müəllimlərə uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bunlarla bərabər  Vətənimizin gələcəyini etibar edirik”.

Tərbiyənin məqsədinin gələcəyə yönələn olması ilə əlaqədar müəllimin də fəaliyyəti ilk növbədə tərbiyə etdiyi şəxsiyyətin gələcəyinə yönəldilir. Başqa sözlə desək, müəllimin fəaliyyəti şagirdlərin təlim-tərbiyəsinin gələcək nəticəsinin bu gün məqsəd kimi qarşıya qoyulub, gələcəyə istiqamətlənən olması ilə səciyyələnir. Müəllim gələcək cəmiyyətin qurucusu kimi onu indidən qurur, yaradır. Bu isə olduqca ağır və çətin iş olub, əsl ustalıq, yaradıcı yanaşma tələb edir.

Göründüyü kimi, insana həyat verən, onun ağlına, ruhuna, qəlbinə işıq salan müəllimdir.

Avraam Linkolnun oğlunun müəlliminə yazdığı əxlaq kodeksi daşıyan məktubunu oxuduqdan sonra belə nəticəyə gəlirik: Müəllim yaradıcı olsun, müəllim hazır göstərişlərlə yox, hər bir konkret halda qarşıya çıxan problemlərə müstəqil və yaradıcı yanaşsın. Sinifdə və ya auditoriyada düşdüyü qeyri-standart vəziyyətdə qərarlar qəbul etsin. Müəllim həqiqi biliklə yanaşı müasir həyatın Sokratı olsun. Çünki bu gün müasir məktəbə dərsə verilən müasir tələblərlə yanaşı yaradıcı, tədqiqatçı müəllim lazımdır.

Tərbiyə işi planlı və mütəşəkkil, məqsədyönlü şəkildə ailədə və məktəbdə aparılarsa, onda təlim-tərbiyə işinin səmərəsi və keyfiyyəti xeyli yüksələr. “Ürəyimi uşaqlara verirəm” adlı əsərin müəllifi Suxomlinski də uşaqları xalqın ümidi, canı, ürəyi adlandırır və onların oxumasını, ədəbə, pak əxlaqa sahib olmalarını zəruri sayırdı. Bu kimi qeydə qalmağın ən balaca məqsədini isə valideynlərin özlərinin elmli, təhsilli olmasında görürdü. Görkəmli pedaqoq valideynlərdən uşaqlarda elmə maraq oyatmağı tələb edir və deyirdi ki, ən yaxşı ailə odur ki, övladını məktəbə verib, oxutdurur. Yox, əgər buna laqeyd yanaşır, övladının oxumasına maraq göstərmir, inanın ki, o valideyn qəbir evində də rahat yata bilməyəcəkdir. Valideynin öz övladlarının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməsi uşaqların ailədə düzgün tərbiyə almaları üçün əsas şərtdir. “Hər şeydən əvvəl, uşaq qəlbinin istəyini başa düşmək lazımdır” – qənaətində olan Suxomlinski yazırdı ki, “Uşaq öz-özlüyündə sevinc mənbəyi ola bilməz: ata və ananı yeni əsasda təkrar edən insanda ata və ana üçün sevinc mənbəyi hər şeydən əvvəl onların ona nə verə bildikləridir”. Bu mənada, tərbiyə üçün məsuliyyət hiss edən valideynlər öz övladlarında nə kimi keyfiyyətlər tərbiyə etmək lazım olduğunu aydın surətdə dərk edib, bu keyfiyyətlərin ardıcıl tərbiyəsinə çalışmalıdırlar – deyir. Çünki bu məsuliyyət hissi onları uşaqlarının təlim və tərbiyəsini nəzarətsiz buraxmağa qoymur, tərbiyə işində təsadüf etdikləri çətinlikləri aradan qaldırmaq üçün yaxşı uşaqlar tərbiyə etmiş başqa ailələrin təcrübəsini öyrənməyə, öz hərəkətlərini diqqətlə nəzərdən keçirməyə məcbur edir. Tərbiyə işi üçün məsuliyyət hiss etməmək çox müxtəlif şəkillərdə ifadə olunur. Bəzi valideynlər övladlarından nə kimi adam yetişdirmək məsələsinə tamam laqeyd yanaşaraq, onların tərbiyəsi ilə məşğul olmaq üçün özlərinə heç bir zəhmət vermirlər. Bizim üçün hər bir uşağın taleyi əzizdir, onun taleyinə biganə qalmaq, öz valideynlik vəzifəsinə məsuliyyətsiz yanaşmaq halları cəmiyyət tərəfindən kəskin tənqid olunur. Hələ bu da azdır, uşağın düzgün inkişafı keşiyində duran qanunlar valideynləri övladlarının tərbiyəsi üçün məsuliyyət daşımağa məcbur edir. Əgər bir çox valideynlər  ömür-günlərini qəflətdə keçirdiklərini gec də olsa anlayıblarsa, artıq bu gün övladlarından yaxşı adam yetirmək üçün belə valideynlər özlərinə qarşı çox tələbkar olurlar.

“Uşaqlıq – dünyanın gündəlik kəşfidir” – fikrini irəli sürən Suxomlinki qeyd edir ki, “vəzifəmiz gəncləri ilk gündən elə tərbiyə etməkdir ki, onlar bir-birinə sevinc bəxş etməyi bacarsınlar, onlar unutmasınlar ki, insanın doğulması ilə gələcək doğulur. Məhəbbət, nikah, doğum insan fəaliyyətinin ən zərif, ən incə, ən müqəddəs sahəsidir. Qolları arasında körpəsinə süd verən, beşik başında dayanan ana öz postunda növbə çəkən əskərdir. O, gələcəyi yaradır və onu qoruyur. Ana dövlətin xidmətçisidir”.

“Ana” adlı romanı ilə özünə ölməzlik qazandıran Maksim Qorki “kitablar məndə həyatın bütün şər əməllərinə şəxsi məsuliyyət hissi tərbiyə edərək, bəşər zəkasının yaradıcı qüvvəsi qarşısında müqəddəs pərəstişkarlıq duyğusu yaratdı” – deyərək valideyn-övlad tərbiyəsində şəxsi nümunəyə çox böyük dəyər verir. Qeyd edir ki, yaşadığımız dövrdə övladlarının sağlam ruhda tərbiyəsi qeydinə qalmayan məsuliyyətsiz valideynlər, yaramaz hərəkətləri ilə uşaqlarına mənfi nümunə göstərən cahil ata və analar da yox deyildir. Bildiyimiz kimi, uşaqların da psixoloji xüsusiyyətləri elədir ki, onlar nümunələri nəsihətlərdən daha tez və asan qəbul edirlər. Çünki canlı nümunə sözlə ifadə edilən uzun-uzadı nəsihətlərdən daha konkret və daha təsirlidir. Bütün bunları hər bir valideyn rütbəsindən asılı olmayaraq nəzərə almalı və öz hərəkətlərini daim nəzarət altında saxlamalıdır. Biz övladlarımızı yalnız sevməklə, əzizləməklə kifayətlənə bilmərik. Maksim Qorki gözəl qeyd edir ki, “övladı sevmək asandır, toyuq da öz balasını sevir. Lakin övladı tərbiyə etməyi bacarmaq insandan istedad və zəngin həyat biliyi tələb edən böyük dövlət əhəmiyyəti olan bir işdir”. Burada nə sevərkən, nə də tələbkarlıq göstərərkən ifrata varmaq olmaz. Valideyn çalışmalıdır ki, onun övladı heç kəsə xeyir verməyən şumlanmamış xam torpaq olmasın.

“Pedaqoji fikir tarixindən” adlı əsərə bir daha nəzər salan zaman görürük ki, Məhəmməd Tağı Sidqi də fikirlərində – hər bir valideyn öz uşağının tərbiyəsi ilə məşğul olmağa bütün məsuliyyəti ilə borcludur – qənaətinə gəlir. Qeyd edir ki, “Övlada əvvəlinci təlim və tərbiyə verən anadır. Anaların rəftarı və kirdarı, hal, hərəkəti balaların qəlbinin aynasına əks salır. Elmli və mərifətli analar süd verən vaxtdan başlayıb, övladının təlim və tərbiyəsinə məşğul olurlar”. Beləliklə, hər bir ata-ana valideynlik borcunu ödəməli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, aqibəti ilə maraqlanmalıdır. Əxlaqi cəhətdən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün maarifçi pedaqoq  anaların özlərinin qüsursuz olmalarını, onların müəyyən qədər pedaqoji biliklərə yiyələnmələrini zəruri hesab edirdi. Sidqi istəyirdi ki, valideyn qarşısında duran bu kimi çətin, eyni zamanda şərəfli və məsuliyyətli vəzifələr mümkün qədər inandırma, şəxsi nümunə əsasında həyata keçirilsin.

Məhəmməd Tağı Sidqini özünə mənəvi ata sayan Cəlil Məmmədquluzadə də onun səsinə səs verərək qeyd edir ki, ailə tərbiyəsinin yaxşılaşması üçün Azərbaycan qadınlarının savadlanması, elm, təhsil almaları zəruridir. Böyük demokrat yazır ki, bizim gələcək inkişafımız, uşaqların yaxşı tərbiyə olunmasından çox asılıdır. “Hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə vermək ilə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz”.

Görkəmli müəllim-pedaqoq Hüseyn Cavid də “Həsbi-hal” əsərində məktəb və ailə tərbiyəsinə böyük əhəmiyyət verərək, uşağın tərbiyəsində ilk növbədə ata və anaların böyük rol oynadığını göstərir. O, yazır ki, uşaq dünyaya gəldiyi gündən məktəb yaşına qədər ata-anasının yanında ev tərbiyəsi, ailə tərbiyəsi alır. Onun fikrinə əsasən ailə tərbiyəsində ata və anaların ən ümdə vəzifələri uşaqlarının sağlam böyüməsinə şərait yaratmasıdır. Bir çox uşaqlar anadan xəstə doğulur və xəstə bir vücud ilə “tərki-həyat” olurlar. H.Cavid bu xəstəliyin səbəbini ata və anadan başqa heç kəsdə aramır. Çünki bir çox xəstəliklər irsi olaraq yayılır. Uşaqlarda bu xəstəliklərə, fəlakətlərə yol açan isə ilk növbədə analardır. O, valideynlərə öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz buraxmamağı, ədəbsizlik etməyə qoymamağı, ərköyünlüyə öyrətməməyi tövsiyə edir, körpələrini “məvhumi” qüvvələrlə hədələməsini, qorxu içində yaşatmasını pisləyirdi. Belə ki, uşaq iki-üç yaşında qaranlıq guşəyə gedəndə valideynləri tərəfindən cinlər, divlər, ifritələr vasitəsilə qorxudulur, təhdid edilir.

Onun fikrincə, ata və anaların gözəl, mənəvi sifətlərə malik olması uşaqların düzgün tərbiyəsinə təsir edir.

Pedaqoji fikrin görkəmli nümayəndələri (K.D.Uşinski, A.O.Çernyayevski, V.A.Suxomlinski, M.Qorki, A.Linkoln, M.A.Şahtaxtlı, M.T.Sidqi, E.Sultanov, N.Nərimanov, C.Məmmədquluzadə, M.S.Ordubadi, H.Cavid və b.) tərbiyə işinə xalq və vətən işi kimi baxaraq tərbiyə işində nümunənin rolunu, üsul, vasitə və tərzlərini təxirəsalınmaz vəzifə hesab ediblər;

Vətənin, xalqın tərəqqisi uğrunda yorulmadan mübarizə aparan pedaqoqlar ilk növbədə müəllimin, valideynin yaradıcı olmasını, hazır göstərişlərlə yox, hər bir konkret halda qarşıya çıxan problemlərə müstəqil və yaradıcı yanaşmasını, ailədə, ictimaiyyətdə, sinifdə və ya auditoriyada düşdüyü qeyri-standart vəziyyətdə qərarlar qəbul etməsini, müəllimi həqiqi biliklə yanaşı müasir həyatın Sokratı olmasını əsas meyar sayıb və uşaqların ləyaqətli vətəndaş kimi formalaşmasında, milli-mənəvi və dini dəyərlər ruhunda tərbiyə edilməsində öz əsərləri ilə zəngin fikirlər və baxışlar müəyyənləşdiriblər.

Valideyn-övlad tərbiyəsi, yetişən nəslin təhsili, təlimi, onların əxlaqının saflaşdırılması, mənəvi keyfiyyətlərinin yetkinləşdirilməsi, halal əməyə alışdırılması, qeyrətli-namuslu vətəndaşlar kimi yetişdirilməsi ilə bağlı yazılarında məktəb və pedaqoji fikir tarixinin zənginləşdirilməsinə  misilsiz xidmətləri ilə imza atan görkəmli pedaqoq və maarifçilər tərbiyənin mahiyyətinə müxtəlif fikir və görüşləri ilə aydınlıq gətirib, şəxsiyyətin ruhi inkişafına önəm verib, uşaqların tərbiyəsində əsasən atanın, ananın şəxsi nümunəsini uşaqlar üçün əyanilik rolu hesab ediblər;

Yekunda bu qənaətə gəlirik ki, uşaqlar bizim gələcəyimiz, məbədgahımızdır – deyən pedaqoq və maarifçilər tərbiyə məsələsini ünsiyyət aləmində ən ali və ən mühüm məsələ hesab edib, insanın xoşbəxtliyini və ya bədbəxtliyini məhz tərbiyənin yaxşı və ya yamanlığından asılıdır – qənaətində olublar;

Belə mütəfəkkir şəxsiyyətlərin əsərləri mahiyyət, məzmun və məqsəd baxımından dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olan əsərlər kimi əbədiyyən yaşayacaqdır.

Kamal Camalov

Naxçıvan Müəllimlər İnstitutu müəllimi

Pedaqogika elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: