Akademiyanın alimləri tələbələrlə görüşüblər - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmə əməkdaşlarının "Naxçıvan" Universitetinin tələbələri ilə görüşü olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kollektivi ali təhsil ocağında görməyindən məmnunluğunu ifadə edən universitetin rektoru Nurlana Əliyeva tələbələrin elmi fəaliyyətə istiqamətlənmələri üçün bu görüşün əlamətdar və stimullaşdırıcı əhəmiyyət kəsb etdiyini deyib.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyəti nəzərə alınaraq elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə etmək, diyarın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada elmin daha da inkişaf etməsinə əlverişli şərait yaradıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində apardığı fədakar iş müəyyən olunmuş dövlət siyasətinin uğurla həyata keçirilməsinə səbəb olub. Elmi-tədqiqat və ali təhsil müəssisələrinin tədqiqatları üçün ən yaxşı təchiz edilmiş şöbə və laboratoriyalar yaradılıb.
Təhsil və elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edən akademik hamiliyə götürülən tələbələrin elmə maraqlarının artırılmasında alim və ziyalıların üzərinə düşən vəzifələrdən danışıb.
Görüşdə AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli və Vəli Baxşəliyev universitetlərlə bu cür əməkdaşlığın qurulmasının kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Daha sonra tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, akademiya əməkdaşları tərəfindən universitetə kitablar hədiyyə edilib.
Aynur Əliyeva