Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil edilən ikitərəfli görüşdə Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan iştirak edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağında müxtəlif profilli ixtisaslar üzrə aparılan kadr hazırlığı haqda məlumat verib və beynəlxalq əlaqələr sahəsində qazanılan uğurları qeyd edib. Qazi Universitetinin rektoru, professor Musa Yıldız əsası 1926-cı ildə qoyulan və hazırda 40 mindən artıq tələbəsi olan Qazi Universitetində həyata keçirilən kadr hazırlığından danışıb. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Müqavilədə Erasmus+ çərçivəsində müəllim və tələbələrin mobilliyi, Mövlana proqramı layihəsinin yenilənməsi, Biotexnologiyalar, İncəsənət ixtisasları sahəsində əməkdaşlıq, birgə konfransların, simpozium və forumların keçirilməsi, ortaq nəşrlər öz əksini tapıb.
Görüşdə doktorantura proqramları, sinxron tərcümə ilə bağlı məsələlər də müzakirə olunub. Elmi tədqiqat sahələrində birgə araşdırmalar, mədəniyyət, incəsənət və başqa sahələrdə birgə fəaliyyət barədə razılığa gəlinib. Müqavilədə bakalavr səviyyəsində Fizika, Rəsm, İngilis dili ixtisaslar üzrə ikili diplom layihələri, həmçinin Qazi Universitetində xarici dili tədris edən müəllimlərin NDU-da tədrisə yönləndirilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, rezidentura tədrisinə dəstək məsələləri öz əksini tapıb. İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.
Səadət Əliyeva